Bu gün Frankfurtda işinə başlayan avtosalonda BMW markası Concept 4 konseptual kupesini nümayiş etdirib. İlk baxışdan diqqəti cəlb edən konseptin iri formalı radiator barmaqlığıdır – belə iri “böyrəklər” bir çoxlarını şoka sala bilər.

Bavariya markasının pərəstişkarları uzun müddətdir ki, həsrət ilə BMW 4 Series kupesinin işqı üzü görməsini gözləyirlər. Bavariyalılar kupe aşiqlərinin həsrətini bir qədər yüngülləşdirmək üçün, Concept 4 konseptual kupesini hazırlayaraq, marka pərəstişkarlarına gələcək 4 Series modelinin stilistikasını nümayiş etdiriblər. Kupe dinamik siluetə, çıxıntılı uzun kapota, yan tərəflərdəki dərin xətlərə, nazik formalı ön və L-şəkilli arxa fənərlərə malikdir. Bütün bu elementlər çox güman ki, seriya modelində də öz əksini tapacaqdır. Lakin, konseptin 21-düymlük təkər diskləri, nazik yan güzgüləri, iri diffuzoru və radiator barmaqlığı çox güman ki, elə Frankfurtda da qalacaqdırlar. Amma, atalar demişkən – sən saydığını say, gör münhenlilər nə sayır...

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Alman markasının şef-dizayneri Domaqoy Dukeç BMW Concept 4 konseptini yaradarkən, BMW 328 və BMW 3.0 CSi modellərini gözü önündə canlandırdığını bildirib. Bununla belə, dizaynerlərin qarşısında duran məsələnin 4 Series modelinin dizaynının müasir firma üslubuna uyğunlaşdırılması olub. Bəlkə də, məhz buna görə,  konseptdə BMW 8 Series kupesinin tanış cizgilərini görmək olar.

Bütün bunlara baxmayaraq, bu il işıq üzü görməli olan 4 Series cari 3 Series modelinə daha çox bənzəyəcəkdir. Bavariyalılar konseptin texniki hissəsi barədə məlumat verməyiblər - çox güman ki, konsept sadəcə texniki hissəyə malik olmayan maketdir.