İlk nəslin debütündən 26 il sonra, Megane modeli öz ampluasını dəyişərək elektrik ötürməsinə keçir. 2015-ci ildə debüt etmiş dördüncü nəsil Megane ailəsi hələ də satışda qalsa da, əsas üstünlük Renault Megane E-Tech Electric adlı yeni elektrik hetçbekinə veriləcəkdir. Üstəlik, Megane elektrokarı yenilənmiş şirkət loqotipinə sahib olan ilk seriya avtomobilidir.

Megane təkcə mühərrik növünü deyil, həm də form-faktorunu da dəyişib. Uzunluğu (4210 millimetr) və eninə (1770 millimetr) görə yeni elektromobil daxili yanma mühərrikli modeldən xeyli kiçikdir: indi Megane, artıq ən yığcam avtomobillərdən birinə çevrilmiş Golf modelindən belə kiçikdir.

Buna baxmayaraq, Megane elektrokarının hündürlüyü (1500 millimetr) və təkər bazası (2700 millimetr) artıb. LED fənərlər və geri çəkilə bilən ön qapı tutacaqları artıq standart təchizata daxildir. Hetçbek 18 - 20 düym arasında diametri olan təkər diskləri ilə təklif edilir.

Megane E-Tech Electric modeli Nissan tərəfindən hazırlanmış CMF-EV modul platformasında inşa edilən ilk Renault modelidir. Xatırladaq ki, Nissan Ariya elektrik krossoveri də eyni platformaya əsaslanır.

Yeni plarforma nisbətən böyük avtomobillər üçün nəzərdə tutulub, habelə elektromobillər üçün optimallaşdırılmış (bütün elektrik avadanlıqları ön tərəfdədir) çoxqollu arxa asqıya və tam ötürməni (hər oxda bir mühərrik) quraşdırmaq imkanına malikdir. Ancaq yeni Megane yalnız ön ötürməli olacaqdır.

Özündə ötürmələr qutusunu, ötürücü valları və idarəedici elektronikanın blokunu cəmləyən yeni nəsil güc qurğusunun çəkisi 145 kiloqramdır. Bu, 2012 -ci ildən istehsalda olan kompakt Renault Zoe modelində olduğundan 10% azdır.

LG şirkətinin litium-ion dartma batareyaları da yenidir və Renault şirkəti onların hazırda istehsal edilən batareyalar arasında ən incəsinin olduğunu iddia edir: cəmi 110 millimetr (Zoe modelindəkindən 40% nazik). Batareya maye ilə soyudulur. Dəyişkən cərəyanlı yükləmə cihazı 22 kilovat gücə malikdir, opsional daimi cərəyanlı cihaz isə, 130 kilovat yükləməni dəstəkləyir.

Megane E-Tech Electic modeli iki modifikasiyada təklif olunur. Baza versiyası  130 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən elektrik mühərriki, 40 kilovat-saatlıq batareya ilə təchiz edilir və WLTP dövrünə əsasən 300 kilometr qət edir.

İkinci versiyada  218 at qüvvəsi və 300 Nm fırlanma anına malik olan mühərrik, 60 kilovat-saatlıq batareya quraşdırılır. Belə elektrokar 470 kilometrə qədər məsafə qət edə bilər. Ən güclü hetçbek ilk “yüzlüyü” 7,4 saniyəyə toplayır, onun maksimal sürəti isə, 160 km/saat həddində məhdudlaşdırılıb.

Baza versiyalı Megane elektrokarı 1624 kiloqram aöırlığa malikdir. Ancaq onun ağırlıq mərkəzi daxili yanma mühərriki olan Megane modelində olduğundan  90 millimetr aşağıdadır. Bu, yeni “iti” sükan mexanizmi ilə birlikdə, hetçbekin çox yaxşı idarəetmə xarakterinə sahib olacağına dəlalət edir.

Üçsəviyyəli rekuperasiya sisteminin ən səmərəli rejimində standart əyləclərdən istifadə etmədən “bir pedallı” idarəetməni həyata keçirmək olar. Megane E-Tech Electric modeli çəkisi 900 kiloqram olan qoşqunu yedəyə ala bilər.

Elektrokarın interyer tərtibatında, son illərdə fransız markasının konseptlərində cilalanmış OpenR konsepsiyasından istifadə olunub. Virtual cihazlar panelinin 12,3-düymlük ekranı və multimedia sisteminin şaquli 9 və ya 12 düymlük “planşeti” vizual olaraq vahid səthi təşkil edir, buna baxmayaraq, onların arasında havalandırma sisteminin deflektoru yerləşdirilmişdir.

Multimedia sistemi Android Automotive OS platformasına əsaslanır, quraşdırılmış Google xidmətlərinə və “hava” üzərindən yenilnəmə funksiyasına malikdir.

Renault Megane E-Tech Electric modeli üçün qeyri-adi adları olan üç təchizat səviyyəsi təklif olunur: Equilibre, Techno və Iconic. Salon tərtibatında istifadə edilən bütün materiallar, sintetik parça, dəri və plastik də daxil olmaqla, təkrar emal edilmiş materiallardan hazırlanır.

Ən zəngin Megane modelinin təchizatına salonun genişləndirilmiş kontur işıqlandırması (48 rəng), Harman Kardon səs sistemi, quraşdırılmış ekranı olan salon güzgüsü (arxa görüntü kamerasından alınan təsvir ora ötürülür), adaptiv kruiz-kontrol, elektron köməkçilər (avtomatik uzaq işıqlar daxil olmaqla) kompleksi və nazik təbəqəli təbii ağacla örtülmüş səthi olan Nuo materialından hazırlanmış dekorativ işləmələr daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Arxa cərgədə düz bir döşəmə, ön oturacaqların arasında yeddi litrlik qutu da daxil olmaqla, salona səpələnmiş və ümumi tutumu 30 litr olan müxtəlif saxlanc yerləri var. Baqajın həcmi 440 litrdir, onun döşəməsinin altında isə, yükləmə kabeli üçün ayrıca bölmə nəzərdə tutulub.

Renault Megane E-Tech hetçbekləri, rekonstrruksiyadan sonra ildə 400.000 elektromobili istehsal etmək gücünə malik olan Duedəki zavodda istehsal ediləcəkdir. Elektrik hetçbekinə sifarişlərin qəbulu 2022-ci ilin fevral ayında başlanacaqdır. Avtomobili satış qiymətlər sonradan açıqlanacaqdır. Onun satışlarına mart ayında başlamaq planlaşdırılıb.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.