Nyu Yorkda keçirilən avtosalonda Mercedes-Benz şirkəti bayraqdar krossoveri olan GLS modelinin yeni nəslini təqdim edib. Yeni bayraqdar krossover MHA (Mercedes High Architecture) modul platformasında inşa edilibdir. Yeni GLs yeni mühərrik çeşidinə və çoxlu sayda elektron sistemlərə sahib olub.

Sələfi ilə müqayisədə yeni GLS 77 millimetr (5207 millimetr) uzun, 22 millimetr (1956 millimetr) enli olub, onun təkər bazası isə 60 millimetr (3135 millimetr) genişlənib. Müqayisə üçün BMW X7 modelinin qabarit uzunluğu 5151 millimetr, təkər bazasının genişliyi isə 3105 millimetrdir. Artıq baza təchizatında Mercedes-Benz GLS hər birində 112 işıqdiodu olan Multibeam matrisa fənərləri ilə təchiz edilir. Aerodinamik müqavimət əmsalı isə 0,35-dən 0,32-yə enib.

GLS və GLE modellərinin salonunun ön hissəsi eynidir. Bunlara misal olaraq cihazlar panelinin və MBUX multimedia sisteminin 12,3-düymlük displeylərini, iqlim sisteminin nazik pultunu və mərkəzi tonneldəki sensorlu displeyi göstərmək olar. Lakin mərkəzi dayaqdan sonra GLS başqaməkan təklif edir. Məsələn, birinci və ikinci cərgə arasındakı məsafə 87 millimetr artırılıb. 

İkinci cərgənin oturacaqları üçyerli divan və ya fərdi elektrik tənizmləmələri və dirsəkaltısı olan iki ayrı kreslodan ibarət ola bilər. Üçüncü cərgə avtomobilin standart təchizatına daxildir və 1,94 metr boyu olan iki sərnişini yerləşdirə bilər. Bonus olaraq, burada oturacaqların qızdırılması və USB girişlər vardır. Hər iki arxa oturacaq cərgəsi elektrik ötürməsi vasitəsi ilə qatlanır. Son iki cərgənin qatlanması halında baqjın tutumu 2400 litr (+100 litr) bərabər olur. X7 modelində bu rəqəm 2120 litrdir.

GLE modelində olan zəngin opsiyalar dəsti yeniləri ilə daha da zəngin olub. Bunlara misal olaraq, ikinci cərgənin sərnişinləri üçün 11,6-düymlük iki monitoru və internetə girişi olan əyləncə sistemini, servis funksiyalarını idarə etmək üçün mərkəzi dirşəkaltındakı 8-düymlük sensorlu displeyi və beşzonalı klimat-kontrolu göstərmək olar. Bundan başqa, GLS Carwash adlı maraqlı bir funksiyaya sahib olub. Krossoverin menyusundaki düyməyə basmaq krossover yuyulmaya hazır vəziyyətə gətirilir - güzgülər qatlanır, pəncərələr və lyuk bağlanır, yağış vericisi söndürülür və iqlim sisteminin resirkulyasiya rejimi işə düşür.

Modelin bayraqdar versiyası 489 at qüvvəsi və 700 Nm fırrlanma anı hasil edən 4,0-litrlik V8 biturbomühərriki ilə təchiz edilən Mercedes-Benz GLS 580 modifikasiyası olacaqdır. Bir qədər sadə versiya olan GLS 450 367 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 3,0-litrlik altısilindrli turbomühərrik ilə təklif ediləcəkdir. Hər iki benzin mühərriki 48 voltluq şəbəkədən işləyən EQ-Boost startyor-generatoruna malik olacaqdır.  Elektromotor 22 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edir. O, sürətlənmənin ilk anlarında mühərrikə yardım edir və start-stop sistemi çərçivəsində benzin mühərrikini yeyin işə salır.

Dizel krossoverləri 2.9-litrlik turbodizelilə təchiz edilən GLS 350 d və GLS 400 d modifikasiyaları ilə təmsil olunublar. Onlardan birincisi 286 at qüvvəsi və 600 Nm, ikincisi isə 330 at qüvvəsinə və 700 Nm malikdir. Transmissiya doqquz pilləli 9G-Tronic avtomatik ötürmələr qutusudur. GLS modeli GLE kimi ön oxu qoşan çoxdiskli muftaya malik olan tam çəkiş sistemi ilə təchiz edilir. Əlavə ödənişlə demultiplikatoru olan Off-Road dəstini də sifarış etmək olar.

Mercedes-Benz GLS standart olaraq Airmatic pnevmatik asqısı ilə təchiz edilir. Opsional olaraq, 48-voltluq şəbəkədən işləyən və hər bir təkəri fərdi şəkildə idarə edən E-Active Body Control aktiv hidropnevmatik asqısını  sifariş etmək olar. Sistemin tərkibinə 15 metrlik məsafədə yolun vəziyyətini öyrənən stereokamera, Airmatic pnevmatik asqısı və güclü hidravlika daxildir. Avtomobilin kamera və vericilərindən məlumatları alan bortkompyüter üç millimetr dəqiqliklə kuzovun gərək olan hündürlüyünü müəyyən edir və yoldakı nahamarlıqlarıkompensasiya edir. Üstəlik, sistemin işləmə səviyyəsini sürücü sərbəst şəkildə tənzimləyə bilər.  

E-Active Body Control sistemi kuzovun döngələrdə yana, əyləcləmə zamanı isə önə və arxaya əyilmələrinin qarşısını alır. Eyni zamanda, sistem mərkəzdənqaçma gücünü azaltmaq üçün kuzovu döngənin daxilinə də əyə bilər. Yolsuzluq şəraitində hidroasqı avtomobilin kuzovunu bir neçə dəfə yeyin şəkildə qaldırıb-salamağı bacarır. Bu, ofrouderin sərbəst şəkildə qumdan çıxmasına şərait yaradır. Bundan başqa, multimedia sisteminin displeyi vasitəsi ilə hər bir təkərin hündürlüyünü tənzimləmək olar.

Mercedes-Benz GLS modelinin üçüncü nəslinin istehsalı Daimler konserninin Taskalusedəki (Alabama ştatı) zavodunda təşkil ediləcəkdir. Sonradan modelin Rusiyadakı yeni zavodda buraxılması da planlaşdırlıb. Yeni bayraqdar krossover satışa ilin sonunda çıxacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt