Renault şirkəti Paris avtosalonunda elektromobillər seqmentində mini-çevriliş edəcək modeli təqdim edib. Renault K-ZE adlanan kiçik hetçbekin istehsalına 2019-cu ildə başlanmalıdır. Yeni elektrokar bütün dünya üzrə satılacaq və “elektrik” bazarında ən kütləvi model olacaqdır. Fransızlar iki il bundan öncə elektrokarı 7000-8000 dollara satmağa hazır olduqlarını bildirmişdirlər.

Hazırda fransız istehsalçısı elektrokarın qiyməti barədə məlumat verməsə də, bu qiymətin real olacağı şübhə doğurmur. Çünki, elektromobilin əsasını təşkil edən Kwid modeli Hindistanda 3600 dollara satılır. Renault K-ZE konsept statusuna malikdir və Kwid modelindən ön tərəfinin, arxa fənərlərin və dekorun dizaynı ilə fərqlənir.

Model haqqında məlumat çox azdır. Renault K-ZE modelinin dolu batareyalar ilə 250 kilometr məsafə qət edəcəyi bildirilir. Elektrokarı həm məişət elektrik şəbəkəsindən, həm də xüsusi terminaldan doldurmaq mümkün olacaqdır. Modelin təchizatına naviqatoru olan multimedia sistemi, parktronik və arxa görüntü kamerası daxil olacaqdır.

K-ZE modelinin satılacağı ilk bazar Çin bazarı olacaqdır. Elektrokar Renault-Nissan və Dongfeng tərəfindən yenicə təsis edilmiş e-GT Energy Automotive birgə müəssisəsində istehsal ediləcəkdir. Fransız-yapon alyansı avtomobilin hazırlanması, çin tərəfi isə istehsalın lokallaşdırılması və hazırlanması üzərində işləyəcəkdir. Dongfeng şirkətinin Şiyandakı zavodu ildə 120 min avtomobil istehsal etmək gücündədir.

Bundan başqa, Renault şirkəti Avropada satılan hibrid avtomobillərin çeşidini artırmaq niyyətindədir. 2020-ci ildə Renault Clio hibridi işıq üzü görəcək, Megane və Captur hibridləri isə məişət şəbəkəsindən qidalanacaqdırlar. Hələlik, yalnız Renault Scenic hibrid variantına malikdir. Lakin, yeni hibrid aqreqat daha müasir olacaqdır – güclü elektromotora malik olan qurğu sırf elektrik ötürməsi ilə daha uzun məsafə qət etməyə imkan verəcəkdir.