Skoda şirkəti ilk seriya elektrik avtomobili olan Enyaq iV krossoverinin detallarını açıqlamağa davam edir. Bu dəfə istehsalçı elektrokarın dizayn eskizlərini dərc edərək, işıq texnikası barədə məlumat verib.

Skoda Enyaq elektrik krossoveri mürəkkəb konfiqurasiya malik olan tamamailə işıqdiodlarından hazırlanmış matrisa fənərləri ilə təchiz ediləcəkdir. Beşbucaqlı ön fənərin əsas elementi aşağı hissədə yerləşdirilmiş nazik formalı gündüz hərəkət işıqlarıdır.

Arxa fənərlər çoxlu iti küncləri olan "həndəsi" naxışlara malikdir. Skoda şirkətindən bildirildiyi kimi, optikanı yaradan dizaynerlər Bohemiya büllurunun ənənələrindən ilham alıblar.

Krossoverin eksteryer və interyer dizaynı artıq bəllidir. Avqust ayının əvvəlində Skoda Enyaq iV krossoverin eksteryer və interyer dizaynını əks etdirən eskizləri dərc etmişdi.

Skoda Enyaq iV modelinin təqdimatı sentyabrın 1-də Praqada keçiriləcəkdir. Elektrokarın istehsalı Mlada Boleslavdakı zavodda 2020-ci ilin sonunda başlanacaqdır. Satışların başlanması 2021-ci ilin əvvəlinə planlaşdırılıb.