Şkoda şirkətinin ilk krossoveri olan Kodiaq modeli üç il öncə, 2016-cı ilin sentyabrında debüt edib. Dünyəvi debütündən üç il keçməsinə baxmayaraq, Kodiaq modeli Azərbaycanda keçən ay təqdim edilib. Fürsətdən istifadə edərək, biz də, Skoda Kodiaq ilə yaxından tanış olmaq qərarına gəldik. Qeyd etməliyəm ki, Kodiaq modeli ən geniş çeşiddə təklif edilən Skoda avtomobillərindən biridir. Məsələn, adi krossoverin debütündən bir neçə ay sonra, Skoda şirkəti Kodiaq modelinin Scout və Sportline versiyalarını təqdim edib. Lakin, işin bununla bitdiyini hesab edirsiniz isə, yanılırsınız.

Əlbəttə ki, çex istehsalçısının bayraqdar krossoverini dəbdəbəli Laurin&Klement və «qaynar» RS versiyası olmadan təsəvvür etmək mümkün deyil. Bu versiyalar keçən il keçirilmiş Paris avtosalonunda geniş kütlə qarşısına çıxıblar.

Skoda Kodiaq  modelinin qabarit uzunluğu 4697 mm, eni - 1992 mm, hündürlüyü isə 1676 mm bərabərdir. Avtomobilin təkər bazasının uzunluğu 2791 mm təşkil edir.

Şkoda Kodiaq beş mühərrik ilə təchiz edilir: üç benzin və iki dizel. Standart olaraq krossover 125 at qüvvəsi və 200 Nm fırlanma anı hasil edən 1,4-litrlik turbomühərrik ilə təklif edilir. 1,4-litrlik mühərrikin 150 at qüvvəsi və 250 Nm malik olan versiyası da mövcuddur. Nəhayət, ən güclü benzin aqreqatlı versiya 180 at qüvvəsi və 320 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrik ilə təklif edilir. Dizel modifikasiyaları isə, 150 (340 Nm) və 190 (400 Nm) at qüvvəli 2,0-litrlik turbodizel ilə təchiz edilir.

Transmissiyalar mühərrikdən asılı olaraq altı pilləli mexaniki, altı və yeddi diapazonlu iki muftalı robotlaşdırılmış ötürmələr qutularından  ibarətdir. Kodiaq öndən çəkişli və əlbəttə ki, tam ötürməli ola bilər. 

Skoda Kodiaq modelinin maksimal sürəti 210 km/saata bərabərdir. Kodiaq modelinin baqaj bölümünün həcmi 720 litrdir. Arxa oturacaqların qatlanması halında bu rəqəm 2065 litrə qədər artır. Kodiaq həm beş, həm də yeddi yerlik salonla da təklif edilir.

Avtomobilin təchizatına 6,5-düymlük sensorlu ekranı olan, Bluetooth sistemi vasitəsi ilə faylları ötürə bilən, Android Auto, MirrorLink  və Apple CarPlay funksiyalarını dəstəkləyən multimedia sistemi, Columbus və Amudsen məlumat-əyləncə kompleksləri, DCC adaptiv amortizatorları, sürücüyə elektron yardım sistemləri, dairəvi görüntü sistemi, interyerin adaptiv işıqlandırılması və smartfonların naqilsiz doldurulması sistemləri daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Şkoda Kodiaq modelində ilk dəfə olaraq qoşqu ilə arxaya hərəkət zamanı yardım sistemi tətbiq edilibdir ki, sistem maneə aşkarlayarsa avtomatik olaraq avtomobili dayandırır.

Gördüyümüz kimi, çex istehsalçısının flaqman krossoveri kifayət qədər zəngin təchizata malikdir.  Məsələn, tanışlıq üçün götürdüyümüz krossover yerli müştərilərin çox sevdiyi panoram tavana malik idi. Diqqətimi cəlb edən digər maraqlı elementlər oturacaqların el arasında «paxlava» deyilən rombşəkilli tikişləri və ön qapılarda yerləşdirilmiş çətirlər idi. Belə elementlərə Rolls-Royce və Bentley avtomobillərində rast gəlmək olar. Çexlərin nəyə işarə vurduqlarını anladınız yəqin.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ümumilikdə, sürücü yerindən razı qaldım - ön oturacaq yaxşı profilə malikdirlər və bədəni hərtərəfli dəstək ilə təmin edirlər. İdarəetmə orqanlarına da ciddi iradım yoxdur. Salonda rast gəldiyim yeganə narazı olduğun element start/stop düyməsinin yerləşməsidir. Avtomobilə ilk dəfə oturan insan ən azından onu axtarmalı olacaqdır. 

Skoda Kodiaq modelinin asqısı sərnişinləri kifayət qədər rahatlıqla təmin edir. Asqı yol səthindəki xırda çıxıntıları sakitcə emal edir. Hətta, bəzi «uzanan polislər» də asqının səs-küylü etirazına səbəb olmur. Arxa tərəfdə üç sərnişinin rahat səyahətini təmin edəcək qədər məkan verir. Yeri gəlmişkən, Skoda Kodiaq xırda əşyalar üçün çoxsaylı saxlama yerləri təklif edir.

İdarəetməyə gəldikdə isə, ailə üçün nəzərdə tutulmuş iri ölçülü avtomobilin sükanı arxasında olduğunu dərhal hiss edirsən. Kodiaq Skoda avtomobillərinə xas olan idarəetmə xüsusiyyətinə malikdir: sakit və dəqiq reaksiyalar, asqının rəvan işləməsi. İdarəetmədən tam həzz almaq istəyənlərə Kodiaq Sportline, əgər yaxşı maliyyə imkanınız olarsa, «qaynar» Kodiaq RS modelinə nəzər salmanızı tövsiyyə edərdim. 

Kodiaq ən sadə versiyada, 1.4 TSİ mühərriklə 56.900 manata təklif olunur. 2.0 TSİ isə 64.900 manatdan başlayan 3 növ komplektasiyada Skoda Azerbaijan tərəfindən təklif olunur. Daha ətraflı məlumat ilə vebsaytda tanış ola bilərsiniz.

Avtomobil tanışlıq üçün SKAZ Auto tərəfindən təqdim olunub.

Image alt Image alt Image alt Image alt