Dünən Tel-Əvivdə keçirilən xüsusi tədbirdə Skoda şirkəti Scala modelini təqdim edib. Scala latıncadan tərcümədə "nərdivan" deməkdir. Çex istehsalçısı bu adın seçilməsində məqsəd yeni modelin yaradılmasının avropa bazarını fəth etmək yolunda yeni addım olduğunu bildirməkdir. Scala modelinin başlıca rəqiblri Golf, Focus və Astra modelləri olacaqdır.

Scala modeli dizaynı üzərində Skoda markasının yeni şef-dizayneri Oliver Ştefaninin işlədiyi ilk modeldir. Avtomobilin dizaynı bu markaya məxsus olan tərzdə hazırlansa da, işıq texnikası tamamilə yeni üslubda tərtib edilibdir. Bundan başqa, Scala arxa hissəsində markanın adı həkk edilmiş Avropada satılacaq ilk Skoda modelidir.

Scala modelinin qabarit uzunluğu 4362 millimetr, eni - 1793 millimetr, hündürlüyü isə 1471 millimetrdir. Əvəz etdiyi Skoda Spaceback ilə müqayisədə Scala 58 millimetr uzun, 87 millimetr enli, 12 millimetr hündürdür. Avtomobilin təkər bazası 2649 millimetrdir ki, bu da 47 millimetrlik artımdan xəbər verir. Bu ölçülər modelin C+ sinifinə aid olduğuna dəlalət edir.

İstehsalçı avtomobilin salonunun Octavia modeli qədər geniş oluğunu iddia edir. Scala, hətta sərnişinlərin başı üzərindəki məkana görə sonuncunu üstələyir də. Baqaj bölümünün həcmi 467 litrdir ki, bu da sələfində olduğundan 52 litr çoxdur. Arxa cərgənin qatlanması halında bu rəqəm 1410 litrə qədər artır. Ənənəvi olaraq salonda xırda əşyalar üçün çoxsaylı ciblər də vardır. Əlbəttə ki, sürücü qapısındakı çətir və yanacaq çəninin qapağındakı buztəmizləyən də yerlərindədir.

Scala modelinin interyeri Skoda markası üçün yeni üslubda dizayna malikdir. İnteryerdə ən çox nəzərə çarpan element multimedia sistemin sensorlu displeyidir. Bu displey üç variantda təklif edilir - 6,5, 8,0 və 9,2 düym. Havalandırma sisteminin mərkəzi deflektorlarının yerləşməsi də dəyişib - onlar aşağı köçüblər. Transmissiyanın selektorunun ətrafında yerləşdirilmiş düymələrdən istifadə daha rahat olub, onların sayı azaldılıb və sürücüyə daha yaxın yerləşdirilibdir.

Yeni modelin avadanlıq siyahısı zəngindir. Bu siyahıya ikizonalı klimat-kontrol, 10,25-düymlük virtual cihazlar paneli,  işıqdiodlarından ön və arxa fənərlər, sükan çarxının qızdırılması,, ikinci cərgədə yan hava yastıqları, panoram tavan, avtomatik əyləcləmə sistemi və avtoparktronik daxildir. Əlavə ödənişlə düymə ilə açılan farkopu və alın şüşəsinin elektriklə qızdırılmasını da sifariş etmək olar.

Skoda Scala MQB-A0 modul platformasında inşa edilib. Bu isə yarımüstəqil arxa asqının, sadə modifikasiyalarda isə arxa baraban əyləclərinin olmasından xəbər verir. Hetçbeki 15 millimetr azaldılmış klirensi olan idman asqısı və elektronika ilə idarələnən amortizatorlar ilə də sifariş etmək mümkündür. 

Scala modelinin mühərrik çeşidinə beş aqreqat daxildir. Standart olaraq avtomobil 95 at qüvvəsi (175 Nm) hasil edən 1,0-litrlik üçsilindrli turbomühərrik və beş pilləli mexaniki qutu ilə təklif edilir. Növbəti mühərriklər 115 at qüvvəli (200 Nm) 1,0-litrlik üçsilindrli və 150 at qüvvəli (250 Nm) 1,5-litrlik dördsilindrli turbomühərriklərdir. Yeganə dizel aqreqatı 1,6-litrlik iş həcminə və 115 at qüvvəsinə və 250 Nm fırlanma anına malikdir. 100 at qüvvəsindən yuxarı gücə malik olan aqreqatlar altı pilləli mexaniki və yeddi pilləli DSG robotu ilə təchiz edilirlər. Bir sıra ölkələrdə qazla çalışan 90 at qüvvəli (145 Nm) 1,0 G-Tec mühərriki də təklif ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Skoda Scala Mlada-Boleslavdakı zavodda buraxılacaqdır. Avtomobilin Avropadakı satışlarına gələn ilin birinci yarısında başlanacaqdır. Scala modelinin Azərbaycanda satılacağı da ehtimal olunur.