Skoda şirkəti yeni Octavia RS iV modelinin növbəti təsvirini və videotizerini dərc edib. Qoşulan hibrid Cupra Leon modeli ilə eyni güc qurğusuna sahib olub. “Qaynar” Octavia Cenevrə avtosalonunda Kamiq krossoverinin Scoutline adlanan yolsuzluq versiyası ilə birlikdə debüt edəcəkdir.

Skoda Octavia RS iV modelini radiator barmaqlığının və ön bamperdəki Air Curtain hava girişlərinin qara rəngli tərtibatı, arxa hissədəki Aero Flaps qapaqcıqları, diffuzor, iki rəngli disklər, qırmızı rəngli əyləc supportları və RS spoyleri sayəsində tanımaq olar. Avtomobilin qoşulan hibrid olduğuna sol ön qanaddakı enerji yükləmə nöqtəsi işarə edir.

"Qaynar" liftbek tərkibinə 150 at qüvvəli 1,4-litrlik TSI turbomühərriki, 85 kilovatlıq elektrmotor və 13 kilovat-saatlıq litium-ion batareyası daxildir. Hibrid qurğunun ümumi hasilatı 245 at qüvvəsi və 400 Nm fırlanma anı təşkil edir.Elektrik ötrüməsi ilə liftbek 55 km (WLTP) məsafə qət edə bilər. Hibriddən əlavə, RS-xəttində 2.0-litrlik benzin və dizel mühərrikləri də olacaqdır.

Skoda Kamiq Scoutline

Cenevrədə, Skoda Octavia RS iV modeli ilə birlikdə Kamiq krossoverinin Scoutline modifikasiyası da debüt edəcəkdir. Krossover LED işıq texnikası, təkər tağlarındakı qara tutqun əlavələr və kuzovboyu vurulmuş gümüşü haşiyələr sayəsində Kamiq ailəsinin digər fərdlərindən seçiləcəkdir.Skoda Kamiq Scoutline krossoverini bu ailənin mühərrik çeşidinə daxil olan istənilən aqreqatla sifariş etmək olar. Bunlar üç benzin mühərriki, bir turbodizel və metanla işləyən iki yanacaqlı aqreqatdır.