Deyəsən Smart markasının başının üzərini qara buludlar almaqdadır. Gəzən şayiələrə görə, Daimler konserni ümidləri doğrultmayan markanı tarixin arxivinə göndərmək barədə düşünür. “Automobile Magazine” dərgisinin əldə etdiyi məlumata əsasən, Smart markası yaxın 8-10 ildə fəaliyyətini dayandıra bilər.

Məlumdur ki, kiçik litrajlı avtomobillər layihəsində Daimler və Renault tərəfdaşdırlar. Hazırda Smart ForFour və Renault Twingo ümumi platformanı bölüşürlər. Bu əməkdaşlığın müddəti bitdikdən sonra fransız konserni layihəni tərk edəcəyini bildirib. Smart modelinin növbəti nəsli 2026-cı ildə işıq üzü görməlidir. Artıq bu layihəni həyata keçirmək üçün Daimler konserninin yeni tərəfdaş tapması gərəkdir. Geely şirkəti bu layihəyə qoşulacağı ehtimal edilir. Lakin, bu hələlik rəsmi təsdiqini tapmayıb.

Smart markası bağlanarsa, Daimler konserni üçün iki çıxış yolu vardır – ya bu seqmenti unutmaq və yaxud Mercedes-Benz markası altında daha yığcam modeli hazırlamaq. Smart markasının gələcəyi barədə qərar 2021-ci ildə qəbul olunmalıdır. Həmin il Mercedes-Benz miqyaslanan arxitekturada inşa edəcəyi yeni nəsil A-Class modeli üzərində çalışmalara başlayacaqdır ki, bu arxitekturadan da Smart modelinin xələfinin inşasında istifadə etmək olar.

Automobile Magazine” dərgisi yeni modelin Mercedes-Benz U-Class (U-urban (şəhər)) adlandırılacağını və üç modifikasiyada təklif ediləcəyini bildirir. Bunlar, U-Class City sərnişin hetçbeki, U-Class Shuttle karşərinq avtomobili və U-Class Cargo furqonudur.