Sony şirkəti Vision-S elektromobilinin Avstriyanın Qraz şəhərinin küçələrində şütüyərkən çəkilmiş video görüntüləri yayııb. Xatırladaq ki, Sony Vision-S konsept statusunda debüt edib. Yapon şirkəti elektromobilin seriya variantını buraxmaq planlarının olmadığını bildirib.

Xatırladaq ki, yapon şirkəti Las Veqasda keçirilən CES-2020 Beynəlxalq istehlak elektronikası sərgisində Sony Vision-S adlı konseptual elektrokarını nümayiş etdirib. Qabaqcıl avtopilot sisteminə sahib olan elektrokarın yaradılmasında Nvidia, Continental, Bosch, AZ, Qualcomm və Blackberry şirkətləri də iştirak ediblər. Elektromobilin əsasını Magna Steyr tərəfindən hazırlanmış modul platforması təşkil edir. Elektrokar, ümumi hasilatı 268 at qüvvəsi olan iki elektrik mühərriki ilə hərəkətə gəlir. Sony Vision-S modeli 100 km/saat həddinə 4,8 saniyəyə sürətlənir və 240 km/saatlıq maksimal sürət həddinə malikdir. Pilotsuz rejimdə hərəkətə avtomobilin daxilində və xaricində yerləşdirilmiş 33 verici cavabdehdir.

Elektromobilin dizaynı Porsche Taycan və Lucid Air modellərini xatırladır. Salon da maraqlı tərtibata malikdir - ön panelin sağ və sol küncündə yerləşdirilmiş ekranlara yan güzgüləri əvəz etmiş kameraların görüntüləri ötürülür. Bundan başqa, hər bir sərnişinin qarşısında fərqdi displey vardır. Konseptin avadanlıq siyahısına kreslolara quraşdırılmış dinamikləri olan 360 Reality Audio səs sistemi də daxil edilibdir.

Elektromobilin Qraz şəhərinə Magna Steyr şirkəti tərəfindən yol sınaqlarına hazırlanmaq üçün gətirilib. Testlərə 2020-ci maliyyə ilinin sonlarında start veriləcəkdir. Sony şirkəti avtomobili buraxmaqdan imtina etsə də, prototipin sınaqlarına başlamaq qərarına gəlib. Maraqlı qərardır...