Audi komandasının dünya dözümlülük yarışları çempionatını tərk etməsindən sonra işsiz qalan Loik Dyuval DTM çempionatının Xeresdə 29 noyabrdan 2 dekabra qədər keçirilmiş testlərində iştirak etmışdir.

Fransız pilot 2013-cü ildən LMP1 kateqoriyasında Tom Kristensen və Allan Maknişlə birlikdə İnqolştat komandasının rənglərini müdafiə edərək, həmin il çempion titulunu qazanmışdır. Bu il komanda yoldaşları Lukas di Qrassi və Oliver Carvislə birlikdə iki yarışda qalib gələrək, çempionatın nəticələrinə görə ikinci yer tutmuşdu. Bundan əlavə, fransız pilot Formula E çempionatında Future Dragon Racing komandasında çıxış edir. Çox güman ki, Dyuval Audi komandası ilə əməkdaşlığını davam etdirəcəkdir. Bunu onun DTM testlərinə qatılması da təsdiq edir. Dyuvaldan başqa Audi, Formula Renault və GP3 pilotu Nik de Virsi, həmçinin GT seriyasının pilotları Kelvin van der Lindeni və Dion fon Meltkeni də dəvət etmişdir. Mercedes komandası tərəfindən gənc pilotların sınaqlarında GT və Formula E pilotu Maro Engel və Avropa Formula 3 çempionatının vitse-çempionu Maksimillian Günter iştirak etmişdirlər. BMW isə sınaqlara F3 pilotları Coel Erikssonu və Rikki Kollardı dəvət etmişdi.