Bu gün start veriləcək «Le Manın 24 saatı» günlük marafonun öncəsi keçirilmiş isinmə sessiyasında 8 nömrəli Toyota TS050 Hybrid sportprototipinin pilotu Kazuki Nakacima ən sürətli zamana imza atmışdır.

Yapon pilot Sarte trekindəki ən sürətli dövrəsini sessiyanın sonlarında göstərmişdir. 3.19,208 zamanı qeydə alan Nakacima həmyerlisi və komanda yoldaşı Kamuyi Kobayaşidən 0,363 saniyə yeyin olmuşdur. Sessiyada üçüncü nəticəni 1 nömrəli Porsche 919 Hybrid sportprototipinin pilotu Nik Təndi göstərmişdir. 2015-ci il «Le Manın 24 saatı» marafonunun triumfatoru lider Nakacimadan 1,8 saniyə geridə qalmışdır. Eyni zamanda Təndi 9 saylı Toyota prototipinin debütant pilotu Yudci Kunimotonu 0,2 saniyə üstələmişdir.

Xatırlatmaq istərdik ki, «Le Manın 24 saatı» marafonuna bu gün Bakı vaxtı ilə 17-00 start veriləcəkdir.