Beləliklə, Porsche şirkətinin direktorlar şurası LMP1 kateqoriyasını tərk etmək qərarını qəbul edib. Artıq alman istehsalçısının WEC çempionatından getdiyi rəsmən açıqlanıb. Porsche şirkəti əsas diqqətini Formula E çempionatına və GT yarışlarına yönəldəcəkdir.

2014-cü ildə Porsche 16 illik fasilədən sonra WEC çempionatının əsas kateqoriyasına və «Le Manın 24 saatı» marafonuna qayıdıb. Qayıtdıqdan bir il sonra komanda çempion titulunu qazanmış, 2016-cı ildə isə titulunu müdafiə etmişdir. Bu ilki mövsümün dörd mərhələsindən sonra Andreas Zaydelin yetirmələri hər iki hesabda liderlik edirlər və Porsche markasına Le-Mandakı 19-cu qələbəsini qazandırıblar.  Audi markasının bu çempionatı tərk etməsindən sonra Porsche markasının da çəkiləcəyi barədə söz söhbətlər səngimək bilmirdi.

Formal olaraq, Porsche çempionatın promouterləri ilə 2018-ci ilin sonuna kimi müqaviləsi vardır.  Lakin, bu alman istehsalçısının qərarına təsir etməyib. Porsche LMP1 kateqoriyasını tərk etsə də, GT kateqoriyalarında iştirak edəcəkdir. 

2019-cu ildə isə alman istehsalçısı Formula E çempionatında zavod komandası ilə təmsil olunacaqdır. Beləliklə, 2018-ci ildə LMP1 kateqoriyasında yalnız Toyota markasının zavod komandası iştirak edəcəkdir. Eyni zamanda, bu kateqoriyaya SMP Racing, Ginetta və Perrinn özəl komandaları daxil olacaqdırlar.

Lakin, bir zavod komandasının iştirakı WEC seriyasını dünya çempionatı statusundan məhrum edə bilər. Xatırladaq ki, keçən həftənin əvvəlində Mercedes-Benz komandası DTM çempionatını tərk edərərk Formula E çempionatına keçdiyini bəyan edərək avtoidmansevərləri şoka salmışdı.