Volkswagen şirkəti "Payks Pik" dağaçıxma yarışı zamanı alman istehsalçısının elektrik sportprotipini idarə edəcək pilotun adını açıqlayıb. Bu, keçən il qalibi olmuş Roman Dyumadır.

31 illik fasilədən sonra Volkswagen şirkətinin "Payks Pik" yarışlarına qatılacağı keçən ilin sonunda elan edilmişdir. Elə həmin vaxt da şirkət sportprototipin tizerini də dərc etmişdir. Avtomobil haqqında ətraflı məlumat verilməyib. Yeganə məlum olan, onun gələcəkdə seriya modellərində quraşdırılacaq mütərəqqi akkumulyator batareyaları ilə təchiz ediləcəyidir.

Sonuncu dəfə alman istehsalçısı "Payks Pik" yarışlarında 1987-ci ildə iştirak edib. O zaman şirkət yarışlara 600 at qüvvəli iki mühərrikli Golf avtomobilini çıxarmışdır. Avtomobil yarışın başlanğıcında yaxşı zaman göstərsə də, onu tamamlaya bilməmişdir. Roman Dyuma 2016 və 2017-ci illərdə "Payks Pik" yarışlarında qalib gəlib. O, 20 kilometrlik trassanı, müvafiq olaraq, 9 dəqiqə 5,332 saniyəyə və 8 dəqiqə 51,445 saniyəyə qət edib. Dyuma bu yarışı 2014-cü ildə də qazanmışdır.

"Payks Pik" yarışlarının mütləq rekordu 2013-cü ildə Sebasyen Löb qeydə alıb. Ralli üzrə doqquzqat dünya çempionu trassanı Peugeot 208 T16 prototipinin sükanı arxasında 8 dəqiqə 13,878 saniyə vaxtla qət edib.