SsangYong şirkəti mart ayında keçiriləcək Cenevrə avtosalonunda nümayiş etdirəcəyi Musso pikapının ilk fotoşəklini yayıb. Fotoşəkil istehsalçının Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində dərc edilib.

Bununla belə, Cənubi Koreya istehsalçısı SsangYong Musso modeli haqqında texniki məlumatı açıqlamayıb. Ehtimallara görə, yeni pikapın əsasını sonuncu nəsil Rexton modelinin inşasında istifadə edilən rama təşkil edəcəkdir. Pikapın ofroderin təkmilləşdirilmiş asqısı ilə də təchiz ediləcəyi məlumdur.

Musso modelinin 178 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edən 2,2-litrlik dizel güc aqreqatını əldə edəcəyi gözlənilir. Bu mühərrik Mercedes-Benz şirkətinin istehsalı olan yeddi pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacaqdır. Bir sıra bazarlarda pikap 2,0-litrlik benzin mühərriki  ilə də təklif ediləcəkdir.