Subaru şirkəti Çikaqoda keçirilən avtosalonda yeni nəsil Legacy sedanını təqdim edib. İstehsalçı yeni sedanın Legacy modelinin 30 illik tarixində olan ən mütərəqqi və qənaətcil model olduğunu bildirib.

Yeni Subaru Legacy sedanı Ascent modelinin istehsalında istifadə edilən global modul platformasında inşa edilib. Sedan 260 at qüvvəsi və 376 Nm fırlanma anı hasil edən 2,4-litrlik dörd silindrli oppozit mühərriki ilə təchiz edilir. Güc aqreqatı variator və simmetrik tam çəkiş sistemi ilə tandemdə çalışır. Yerindən 60 mil/saat (96 km/saat)  həddinə sedan 6,1 saniyəyə sürətlənir. Qənaətcillik göstəriciləri isə belədir: şəhər rejimində 100 kilometrə 9,8 litr, çəhərkənarı magistrallarda - 7,3 litr.

2,4-litrlik turbomühərriklə yanaşı, yeni sedan təkmilləşdirilmiş 2,5-litrlik atmosfer mühərriki ilə də təklif ediləcəkdir. Detallarının 90% dəyişdirilmiş mühərrik 182 at qüvvəsi hasil edir. Belə mühərriklə təchiz edilmiş sedan 60 mil/saat həddini 8,4 saniyəyə toplayır.

Yeni Subaru Legacy modelinin konstruksiyasına yüksək möhkəmlikli poladdan 13%, səneyə yapışqanından isə 371% daha çox istifadə edilib. Kuzovun burulmaya qarşı sərtliyi 70%, əyilməyə qarşı isə 100% artıb. Qəza zamanı kuzov həm ön, həm də arxa tərəfdən zərbəni 40% daha çox udur. Eyni zamanda sedanın idarəetməsi, rahatlığı və səs izolyasiyası yaxşılaşdırılıb. 

Avtomobilin asqı elementləri daha yüngül və möhkəm olub, salonda isə çiyin, omba və ayaq zonasındakı məkan genişlənibdir. Bundan başqa, magistral sürətlərində səs-küy səviyyəsi 3 desibel azalıb. Sedanın baqaj bölümünün həcmi 427 litrdir. Yük bölümünün uzunluğu 3,5 santimetr artıb.

Yeni sedanın təchizatına 11,6-düymlük şaquli sensorlu displeyi, Wi-Fi giriş nöqtəsi, dörd USB girişi, 12 dinamikli Harman Kardon səs sistemi olan multimedia sistemi və konsyej xidməti daxildir. Sonuncu avtomobil sahibinə bir sıra xidmətlərdən yararlanmaq şansı verir. Məsələn, konsyej vasitəsi ilə restoranda masa sifariş etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Subaru Legacy modelinin standart təchizatına EyeSight təhlükəsizlik sistemləri kompleksi daxildir. Bu kompleksin tərkibinə kor zonalara nəzarət, zolaqda saxlama, dayanacaqdan arxaya çıxdıqda yardım sistemləri daxildir. Daha bahalı variantlarda elektronika xüsusi kameranın köməkliyi ilə sürücünün baxışlarını izləyərək, sürücünün yorulması halında onu və sərnişinləri təhlükə barədə xəbərdar edəcəkdir. 

Yeni sedan ABŞ bazarında bu ilin payızında satılmağa başlayacaqdır. Bizim bazarda yeni Subaru Legacy modelinin nə zaman debüt edəcəyi məlum deyil.