Wilderness indeksli Subaru Forester krossoverinin eksteryer dizaynı və xüsusiyyətləri onun debütdən bir gün əvvəl İnternet şəbəkəsində peyda olub. Yapon istehsalçısı avqust ayının əvvəlindən etibarən Wilderness xəttinin ikinci modelinə olan marağı artırsa da, birbaşa olaraq onun adını çəkməmişdi: söhbətin Forester modelindən getdiyi fərziyyəsini Subaru şirkətinin Kanada nümayəndəliyi sayəsində təsdiq olunub.

Nümayəndəliyin saytında səhvən avtomobilin ofroud kuzov dəstindəki şəkilləri yerləşdirilib, eyni zamanda, yeni modifikasiyanın adi Forester modelindən fərqləndirən əsas cəhətlər ortaya çıxıb.

Forester Wilderness modeli - Forester krossoverinin ofroud potensialı artırılmış və xüsusən də aktiv həyat tərzinə üstünlük verənlərə ünvanlanmış bir modifikasiyasıdır. Şəkillərdən gördüyünüz kimi, Wilderness modifikasiyasını boyanmamış plastikdən hazırlanmış kuzov dəsti, emblemləri, artırılmış klirensi və ofroud şinləri taxılmış 17-düymlük diskləri sayəsində tanımaq olar.

Bundan başqa, kapotdakı parıltı əleyhinə örtmə, daha ağır yüklərin və avadanlıqların daşınması üçün gücləndirilmiş dam reylinqləri və altlığın əlavə qorunması mövcuddur. Oxşar təkmilləşdirmələri Wilderness xəttinin ilk nümayəndəsi - mart ayında təqdim olunan Outback universalı da almışdı.

Texniki fərqlər də var: Forester Wilderness modeli qısa birinci pilləsi olan modifikasiya edilmiş variatoru alacaqdır. Bununla birlikdə, krossover 185 at qüvvəsi və 239 Nm fırlanma anı hasil edən, turbokompressoru olmayan standart 2,5-litrlik dördsilindrli mühərriklə təchiz ediləcəkdir.

İnteryerdəki dəyişikliklər minimaldır. Krossover suya davamlı örtüyü və marka basmanaxışları olan oturacaqları, rezin xalçaları və səkkiz düymlük ekranı olan multimedia sistemini əldə edəcəkdir. Modelin təchizatına Subaru EyeSight aktiv təhlükəsizlik sistemləri kompleksi də daxildir.

Image alt Image alt Image alt Image alt

Subaru Forester Wilderness satışlarının bu ilin sonuna qədər başlayacağı gözlənilir. Modelin əsas bazarları yalnız ABŞ və Kanada olacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.