Subaru şirkətinin Amerika Birləşmiş Ştatları üçün xüsusi WRX STI sedanını hazırladığı artıq məlumdur. S209 indeksini almış sedanın ilk tizeri bir neçə gün öncə yapon istehsalçısı tərəfindən yayılmışdır. Bu gün Subaru şirkəti “bərkgedən” sedanın yeni tizerini dərc edib. Xatırladaq ki, Subaru WRX STI S209 sedanı 14 yanvar tarixində işinə başlayacaq Detroyt avtosalonunda debüt edəcəkdir.

Xüsusi versiyadan olan sedanlar bir sıra yeni aerodinamik kuzov elementlərinə sahib olacaqdır. Sedan ön bamperdəki üfüqi xəttləri olan barmaqlığa, splitterə və onun yan tərəflərində qoyulan kanardlara sahib olub. Arxa bamper də dəyişikliklərdən nəsibini alıbdır. Bundan başqa, genişləndirilmiş ön və arxa qanadlar avtomobilin daha enli təkərlər ilə təchiz ediləcəyindən xəbər verir.

Bir müddət bundan öncə, Subaru şirkətinin S209 əmtəə nişanını qeydə aldığı məlum olub. Çox güman ki, bu ad WRX STI modelinin xüsusi versiyası üçün nəzərdə tutulub. Xatırladaq ki, yapon istehsalçısı bu günə qədər S seriyasından olan modelləri ABŞ bazarında təklif etməyib.