Çinin avtomobil sənayəsinin ildırım sürəti ilə inkişaf etdiyini inkar etmək olmaz, lakin bəzən yerli istehsalçılar öz qərarları ilə hər kəsi heyrətləndirməyi bacarırlar. Məsələn, götürək Great Wall konseninə məxsus olan Tank markasını.

Bir müddət bundan əvvəl, Çin markası Çenduda keçiriləcək avtosalonda Tank 600 modelini təqdim edəcəyini bəyan etmişdi və hətta yeni modelin şəkillərini də yayımlamışdı. Bu gün işinə başlayan Çendu avtosalonunda bəyan edilən ofrouder təqdim edilib… amma Tank 500 modeli kimi. Üstəlik, çinlilər belə qəfil dəyişikliyin səbəbini açıqlamaq fikrində belə deyillər.

Beləliklə, Tank 500 bu markanın artıq işıq üzü görən ikinci seriya modelidir. Bu ilin əvvəlində təsis edilmiş gənc markanın ilk addımları çox uğurlu olub: bu ilin birinci yarısında istehsalçı qiyməti 27 min dollardan başlayan Tank 300 modelini 33 min nüsxəlik tirajla satmağa müvəffəq olub. Lakin yeni Tank 500 modeli “üç yüzdən” bir qədər baha olacaqdır - ölçülərinə görə Haval H9 modeli ilə müqayisə edilən ofrouder, texniki və təchizat cəhətdən qohumundan daha üstündür.

Tank 500 modelinin qabarit uzunluğu 4878 millimetr (arxadakı ehtiyat təkəri ilə birlikdə - 5070 millimetr), eni - 1934 millimetr, hündürlüyü isə 1905 millimetrdir. “Beş yüz” köndələn yerləşən mühərriki, ön müstəqil asqısı və bütöv arxa körpüsü olan yeni miqyaslanan platformada inşa edilən ilk Tank avtomobilidir. Bu platforma daha böyük modellərin və tam ölçülü Great Wall X Cannon pikapının əsasını təşkil edəcəkdir.

Ofrouderin asqı sistemi yaylıdır. Standart olaraq Tank 500 modeli 18-düymlük təkər diskləri ilə təchiz edilir. Bəyan edilən klirens 224 millimetrdir. Ofrouderin giriş bucağı - 29,6, çıxış bucağı - 24 dərəcə, qət edilən çay keçidinin dərinliyi isə 800 millimetr təşkil edir. 500 modeli ön oxu qoşan elektromaqnitli muftası, habelə demultiplikatoru (azaltma əmsalı 2,64) və arxa təkərlərarası differensialın kilidi olan tam ötürmə sistemi ilə təchiz edilir. Əlavə ödəniş qarşılığında ön kilidi də sifariş etmək olar. Nəhayət, ofrouderin hərəkət elektronikası 11 ofroud rejiminə malikdir.

Tank 500 modelinin premiuma iddiaları da var. Opsional avadanlıqlar siyahısına kuzovun iki rənglə boyanması və elektrik ötürməsi olan çıxan ayaq dəstəkləri daxil edilib. Üç oturacaq cərgəsinə sahib olan salonun tərtibatında əsl dəridən (iki rəngli də daxil olmaqla bir neçə variantda) və “ağac” dekordan istifadə edilir. Ən maraqlısı odur ki, ikinci cərgədə üç yerlik divan quraşdırılıb: fərdi oturacaqlar opsiya şəklində belə təklif olunmurlar.

Avtomobil 12,3-düymlük virtual cihazlar paneli və multimedia sisteminin 14,6-düymlük sensorlu ekranı ilə təklif olunur. Bununla belə, klimat-kontrolun əsas funksiyaları üçün düymələr də nəzərdə tutulub. Bundan başqa, 500 modelinin təchizatına proyeksiya displeyi, dördzonalı klimat-kontrol (ikinci cərgədə ayrıca taçskrini ilə), birinci və ikinci cərgənin qızdırılan və havalandırılan oturacaqları, panoram dam və sairə daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Əgər Haval H9 modeli dördsilindrli mühərriklər ilə təchiz edilirsə, Tank 500 modeli 3,0-litrlik V6 6Z30 mühərriki ilə təklif olunur. Bu mühərrik qarışıq püskürtməyə, iki turbokompressora və 48-voltluq startyor-generatora malikdir. Güc aqreqatının hasilatı 354 at qüvvəsi və 500 Nm-dir, üstəlik bu fırlanma anının 320 Nm-i artıq 1000 dövr/dəqiqədən əlçatandır. Mühərrik 600 Nm fırlanma anını həzm edən 9-pilləli “avtomat” ilə tandemdə çalışır. Digər mühərriklər nəzərdə tutulmayıb.

Tank 500 modeli vətənində bu ilin sonunda satışlmağa başlayacaqdır. Yeni ofrouderin qiyməti hələlik açıqlanmayıb, lakin “Beş yüzün” ucuz olacağını gözləmək lazım deyil.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.