Tesla şirkəti 2017-ci ilin üçüncü rübünü 671 milyon dollarlıq rekord zərərlə başa vurub. Xatırladaq ki, keçən ilin üçüncü rübünü şirkət 22 milyon dollar mənfəətlə başa vurmuşdu.

Əlbəttə, burada heç bir fəlakət yoxdur – belə ki, şirkətin avtomobil biznesindən əldə etdiyi gəlirlər 10% artaraq 2,36 milyard dollara çatıb. Bu gəlirdən 1,4 milyard dollarlıq vəsait sərmayə şəklində yenidən istehsala yönəldilibdir. Şirkətin hesabında isə, 3,5 milyard dollar vəsait vardır. Buna baxmayaraq, Tesla sərmayədarlar və müştərilərin güclənən təzyiqi ilə üzləşib.

Bunun başlıca səbəbi Model 3 sedanın lazımi həcmdə buraxılmamasıdır. Avtomobilin alınması üçün depozit ödəmiş müştərilər növbəti dəfə üzrxahlıq məktubu alıblar. Məktubda həftədə 5000 avtomobilin istehsalının 2018-ci ilin martında mümkün olacağı bildirilib. Oktyabr ayının əvvəlinə vəd edilən 20000 avtomobildən yalnız 260 ədədi istehsal edilib.

Model 3 sedanının istehsalını sürətləndirmək üçün, digər modellərin buraxılışı 10% ixtisara salınacaqdır. Bundan başqa, Wall Street Journal İlon Maskın Şanxay azad ticarət zonasında zavodun açılması barədə Çin hökuməti ilə razılığa gəldiyini bildirib. Tesla istehsalı təşkil etmək üçün mütləq olan yerli tərəfdaş tapmaqdan azad olsa da, 25 faizlik ödənişi etmək məcburiyyətindədir. Hazırda Tesla elektrokarları Çində ABŞ-da olduğundan 50% bahadırlar.

Lakin, Maskın şirkəti yeni təhlükə ilə üzləşə bilər. Respublikaçılar partiyası elektromobillərin alıcıları üçün nəzərdə tutulan federal subsidiyaları (maksimum 7500$) ləğv etmək niyyətindədir. Respublikçılar Tesla alıcılarının lazımi qədər varlı olduqlarını və köməyə ehtiyacları olmadığını bildirib. Əgər bu qərar qəbul edilərsə, təkcə Tesla şirkəti zərər çəkməyəcəkdir. Bu xəbər fonunda şirkətin səhmləri 9 faizlik dəyər itkisinə məruz qalıb.