Tesla mühəndisləri Palladium adlı gizli layihə üzərində işləyirlər. Layihənin əsas məqsədi Model S və Model X elektrokarları üçün yenilənmələri hazırlamaqdır. Electrek nəşri Tesla şirkətə yaxın bir neçə mənbəyə istinadən, söhbətin Kaliforniyanın Fremont şəhərində və Nevada ştatındakı əlavə istehsal xətlərinin yaradılmasında getdiyini bildirib. Verilən məlumatlara əsasən yeniliklər ciddi xarakter daşıyacaqdır.

Eyni zamanda, Tesla şirkətinin rəhbəri İlon Maskın Twitter sosial şəbəkəsindəki hesabında xatırlatdığı Plaid adlı üçmühərrikli modifikasiyanın da üzərində çalışmaların davam etdiyi məlum olub. Yeni güc qurğusu mövcud olan ən güclü qurğulara nisbətən daha məhsuldar və daha səmərəli olacaqdır. Bundan əlavə, yenilənmiş modellər daha tutumlu və uzun ömürlü dartma batareyalarını alacaqdırlar.

Xatırladaq ki, keçən il Nürbuqrinqdə sınan Model S elektrokarında üçmühərrikli blok 772 at qüvvəsi və 931 Nm fırlanma anı hasil edirdi.

 Mask bu sahədəki son yenilikləri 22 sentyabrda təqdim edəcəyinə söz verib. Keçən il Tesla şirkəti 1,6 milyon kilometrə qədər resursu olan batareyanı hazırladığı barədə bəyanat vermişdi. Yeni batareyanın təqdimatı pandemiya səbəbi ilə bir neçə dəfə təxirə salınıb. Bunun əsas səbəbi Maskın batareyanı onlayn təqdim edilməsinin əleyhinə olmasıdır.

Digər bir mənbə, Model S və Model X üçün sözün əsl mənasında “palladium kuzov” adlanan Palladium Body layihəsindən bəhs edib. Böyük ehtimalla, bəzi həllər nəhəng antiqanad və diffuzorla təchiz olunmuş Tesla Model S prototipində tətbiq ediləcəkdir.