Renault Arkana modeli ilə ilk tanışlığım bu ilin fevral ayında Kareliyada təşkil edilmiş qış sürücülük məktəbində baş tutmuşdu. O zaman avtomobil kamuflyajla örtülü olsa da, seriya avtomobilinin dizayn cəhətdən konseptdən elə də ciddi fərqlənmədiyi aydın görünürdü. Bu səbəbdən də, avtomobilin dizaynı məni o qədər də maraqlandırmırdı - əsas məsələ onun texniki hissəsi və idarəetmə keyfiyyətləri idi. Təəssüflər olsun ki, o zaman bizə avtomobili idarə etmək şansı verilmədi.

Ramin Musayev: Renault Arkana ilə tanışlıq

Təqdimatından qısa müddət keçdikdən (sirr deyil ki, bəzi modellərin bizim bazarda debüt etməsi illər çəkir) sonra, Renault Arkana artıq Bakıda bizim ixtiyarımıza verilib. Özü də, başlanğıc Edition One versiyasında. Bunu bilmək üçün heç də avtomobilin ətrafında dövrə vurmağa ehtiyac yoxdur – sadəcə qapını açıb ayaqaltılara baxmaq kifayətdir. Ayaqaltıların üzərindəki “Edition One” yazıları krossoverin başlanğıc versiyasına aid olduğunu bildirir.

Etiraf etməliyəm ki, Renault Arkana modeli çox fotogenikdir – yəni şəkillərdə daha cəlbedici görünür. Real həyatda isə, krossoverin ön və arxa hissə yaxşı təsir bağışlasa da, yan tərəfindən baxdıqda tamam başqa hisslər keçirirsən. Ümumilikdə, krossoverin xarici görünüşü yaxşı alınıb – kross-kupelərə məftun olanlara xoş gəlməlidir. Qeyd etməliyəm ki, fotosessiya zamanı yaxınlıqdan keçən Renault Megane sahibi avtomobilini saxlayıb, Arkana ilə tanış olmaq üçün icazə istədi. Məlum məsələdir ki, bunun ardınca sorğu-suallar başladı.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Keçək interyerə. Əlbəttə ki, Edition One seriyasından olan hər avtomobil zəngin təchizata malik olmalıdır. Dəri salon və adi modellərdə olmayan bahalı opsiyalar belə versiyaların yol yoldaşıdır. Renault Arkana modelinin interyer dizaynı Kaptur modelində olduğundan daha maraqlı alınıb. İnteryer dizaynına olan iki iradımdan biri deflektorların barmaqlıqlarının “ucuzluğu”, ikincisi isə,  multimedia sisteminin displeyinin arxasındakı plastik çərçivəyədir. Yeri gəlmişkən belə çərçivəyə Kaptur modelində də rast gəlmək olar və əksər hallarda o gözə çarpmır. Deflektorların forması və onların hazırlandığı plastikin keyfiyyəti məni heç də qane etmədi. Büdcə modelində qənaət başa düşüləndir, amma bu qədər də deyil…

Digər bir iradım oturacağın kürək hissəsinin tənzimlənməsi mexanizminədir. Əksər hallarda bu tənzimləmə yumru formalı dəstəyi olan pilləsiz mexanizmin vasitəsi ilə həyata keçirilir, Arkana da isə, bunu yuxarı qaldırılan qəstək vasitəsi ilə etmək lazımdır – kreslonun kürək hissəsini tənzimləmək bir qədər vaxt tələb edir. Sükan çarxı da iki istiqamətdə tənzimlənməsi, sürücü yerinin sazlanması işini bir qədər asanlaşdırır.

Image alt Image alt Image alt Image alt

Avtomobil uzun müddət günəşin altında qaldığından salon yaxşıca qızmışdı. Məcburən klimat-kontrol sistemini var gücü ilə çalışdırmalı oldum. Əlbəttə ki, maksimal rejimdə üfürmənin səsinin yüksək olması labüddür, amma kondisionerin gücü qısa müddət ərzində salonu soyutmağa kifayət etmir. Məlum məsələdir ki, kölgədə və ya qarajda dayanmış avtomobillə belə bir problem yaşanmayacaqdır.

Renault Arkana Edition One modeli yaxşı təchizat səviyyəsinə malikdir: siyahıda 8-düymlük sensorlu displeyi olan, Apple CarPlay, Android Auto və Yandeks.Auto tətbiqlərini dəstəkləyən Easy Link multimedia sistemi, açarsız giriş, dairəvi müşahidə sistemi və kor zonalara nəzarət funksiyası daxil edilib. Krossoveri səkkiz dinamiki, gücləndiricisi və sabvuferi olan Bose səs sistemi ilə də təchiz ediblər.

Açarsız giriş sistemi əla işləyir. Açar cibinizdə avtomobilə yaxınlaşarkən qapı kilidləri açılır, uzaqlaşan zaman isə, sistem avtomatik olaraq qapıları kilidləyir və səs siqnalı ilə xəbərdarlıq edir. Bir sözlə, qapıdakı vericiyə toxunub qapını bağlamağa belə ehtiyac yoxdur. Əsl tənbəllərin malıdır…

Multimedia sisteminin interfeysi rahat anlaşılan və asan idarə olunandır. Telefonu birləşdirmək və onun yaddaşında olan məlumatdan istifadə etmək çox rahatdır. Hətta, multimedia sistemi eyni anda bir neçə telefonun qoşulmasına da imkan yaradır. Məsələn, telefondan birindən rabitə vasitəsi kimi, digərindən isə musiqi pleyerinin yaddaşı kimi istifadə etmək olar.

Image alt Image alt

Renault avtomobillərinin maraqlı bir cəhəti multimedia sisteminin idarə edilməsi pultudur. Adətən, multimedia sistemini multifunksional sükan çarxının üzərindəki düymələr vasitəsi ilə idarə edilir. Fransızlar isə, bu düymələri sükan qolunda yerləşdirilmiş xüsusi pultda cəmləyiblər. Bir qədər mübahisəli həll yoludur. 

Renault Arkana modelinin əsasını 55% yeni komponentlərdən ibarət olan Global Access (B0) platforması təşkil edir. Kupe-kross gücləndirilmiş kuzova, sükanın yeni elektrik gücləndiricisinə malikdir.  Arkana modeli üçün yeddi kuzov rəngi və üç növ 17-düymlük təkər diskləri nəzərdə tutulub. Krossoverin sərnişinlərinin təhlükəsizliyinə altı təhlükəsizlik yastığı (iki ön, iki yan və iki pərdə) cavabdehdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Renault Arkana standart olaraq 114 at qüvvəsi və 156 Nm fırlanma anı hasil edən 1,6-litrlik atmosfer mühərriki ilə təklif edilir. Bu mühərriki hər iki ötürmə növü, mexaniki qutu və ya variator ilə sifariş etmək olar. Öndənçəkişli versiya mexaniki qutu və variator ilə təklif edilsə də, tam ötürməli variant yalnız 6-pilləli mexaniki qutu ilə təchiz edilir.

Arkana modelinin mühərrik çeşidinə daxil edilmiş ikinci aqreqat isə, Daimler AG konserni ilə birlikdə hazırlanmış 150 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən 1,3-litrlik turbomühərrikdir. Turbomühərrik ilə təchiz edilən avtomobillər hər iki ötürmə növü və variator ilə təchiz edilirlər. Yeni turbomühərrik İspaniyada istehsal edilir. 

Bizim ixtiyarımıza verilmiş krossover məhz 1,3-litrlik turbomühərrik və variator ilə təchiz edilmişdir. Qeyd etmək lazımdır ki, bu tandem krossoveri kifayət qədər dinamika ilə təmin edir. Bununla belə, gillətmə ilə gedən zaman akselerator pedalını buraxdıqda xırda təkanlar hiss edilir. Testlər zamanı avtomobilin bortkompyüteri ortalama yanacaq sərfiyyatının 13,4 litr olduğunu göstərirdi. Bu, 1,3-litrlik mühərrik üçün yüksək göstəricidir, amma unutmayaq ki, avtomobildə kondisioner daim işləyib və biz əsasən onun dinamik xüsusiyyətlərini yoxlayırdıq. Çox güman ki, gündəlik istismar zamanı qənaətcilliyi rahatlıqla 3-4 litr azaltmaq olar. 

Avtomobilin asqısı yolda olan xırda çıxıntıları demək olar ki, «görmür», bir qədər böyük çıxıntıları və çalaları isə, səssiz-küysüz «emal»edir. Məlum məsələdir ki, Rusiya yollarına hesablanmış asqı özünün enerji tutumluluğu ilə seçilir. Bu, avtomobilin yolsuzluqda  yaxşı imkanlara malik olduğundan xəbər verir.

Sükan idarəetməsi ikili təsir bağışladı: bir tərəfdən sükan gücləndiricisi aşağı sürətlərdə sürücünün işini asanlaşdırır, digər tərəfdən isə yuxarı sürətlərdə tam şəffalığı təmin etmir. Ola bilər ki, Renault Arkana modelinin kross-kupe olması məni ona qarşı bir qədər tələbkar olmağa məcbur edib. Lakin, aydın olan bir məsələ var – Arkana hər kəsi təmin edən xüsusiyyətlərə malikdir. 

Nəticədə nə demək olar? Renault marketoloqlarının məhsulu olan Arkana ətrafdakılara xoş gələcək zahiri görkəmə, geniş baqaj bölümünə, dözümlü asqıya, yaxşı təchizata, həmçinin müasir aktiv və passiv təhlükəsizlik sistemilərinə malik olan bir krossoverdir. Kupeşəkilli formaya malik olan kuzov isə, onu gənclər üçün daha cazibədar edir.  

Avtomobili sınaq üçün Renault Azerbaijan tərəfindən təqdim edilmişdir.

The all new Renault Arkana in Autograph TV