Ötən ilin sonunda yenilənmiş Lada Vesta-nın sınaq yürüşlərinə dəvət alanda, əvvəl tərəddüd etdim. İş burasındadır ki, zaman baxımından bu tədbir digər bir avtomobilin, özü də premium seqmentli avtomobilin testləri ilə üst-üstə düşürdü. Bİr az fikirləşəndən sonra seçimi Lada-nın xeyrinə etdim və bu qərarıma iki məqam təsir etdi. Əvvəla Lada yürüşlərinin marşrutu Şimali Qafqaz kurortlarından, uşaqlıq xatirlələrimlə sıx bağlı olan Nalçik, Pyatiqorsk, Kislovodskdan keçirdi. İkinci məqam isə avtomobillə bağlı idi. Lada tarixində ilk dəfə əsl «avtomatla» təhciz olunmuş model təqdim edirdi. Yaponiyanın Jatco firmasının «variatoru» və Renault-Nissan alyansının 1.6 litr həcmli 113 at güclü mühərriki yenilənmiş Vesta-nı olduqca maraqlı sınaq obyektinə çevirirdi.

Məlumdur ki, bir müddət öncə AvtoVAZ ucuz başa gəlsin deyə modllərini robotlaşdırılmış «AMT» transmissiyası ilə təhciz etməyə başladı, lakin tezliklə bu transmissiya alıcıların kəskin tənqid atəşinə məruz qaldı. Elə mən səfərə hazırlaşarkən, sosial şəbəkələrdə qısa anons edəndən sonra gələn şərhlərin məzmunu da təxminən belə idi: «nə avtomat, əşi, yerindən tərpənmək istəmir…», «robotdu, sadəcə baş aldadırlar…», «Lada hara, avtomat hara…», «getmə, vaxtına heyfin gəlsin…» və s. Qərarım qəti idi, getdim və təəccübləndim…

Lada marketoloqları ilə söhbətdən anladım ki, Vesta iri şəhərlər üçün nəzərdə tutulmuş modeldir. Özü də alıcıların 77 faizi kişilərdir. Çox güman ki, «avtomat» sürətlər qutusu xanımların və eləcə də yenicə sürücülük vəsiqəsi almış gənclərin marağını daha da artıracaq. Bundan başqa AvtoVAZ korporotiv müştərilər və karşerinq kimi xidmətlərin sayəsində öz bayraqdarının Rusiya bazarı və yaxın ölkələrdə mövqeyini möhkəmlətmək niyyətindədir və əminliklə demək olar ki, buna nail olacaq.

Maraqlananlar üçün deyim ki, Jatco kompaniyasının variatoru Yaponiyadakı zavoddan Tolyattiyə hazır gəlir. Bu transmiissiyanı Vesta-nın mühhərriki ilə uzlaşdırmaq üçün mühəndislərə baş sındırmaq lazım olmadı. Bu tandem artıq illərdir ki, Renault Logan, Nissan Qasqai, Renault Kaptur modellərində uğurla sınaqdan çıxıb.

Avtomobil sürət toplayarkən, pilləsiz sürətlər qutusu pillələri imitasiya edir, sanki 6 pilləli «avtomatdır». Şəhərlərarası yollarda aktiv sürücülük sevənlər transmissiyanın gümüşü dəstəyini «manual» rejimə də keçirə bilərlər. Ümumiyyəltə AvtoVAZ mütəxəssisləri ilə söhbətlərdən anladım ki, sözügedən transmissiya ənənəvi «avtomat» sürətlər qutusu ilə variatorun sanki hibrididir. Yəni konstruktiv olaraq və kökləndiyi alqoritmlər baxımından pilləsiz sürətlər qutusunun bu nəsli əvvəlkilərdən əsaslı surətdə fərqlənir. Əlbəttə hamını bu transmissiyanın etibarlığı maraqlandırır. Sən demə seriyaya buraxılmazdan əvvəl modelin 50 nüsxəsi xüsusi ekstremal şəraitlərdə olduqca «insafsız» sınaqlara məruz qalıb, heç bir avtomobildə sürət qutusu problemi aşkarlanmayıb.

Xatırladım ki, «avtomat» transmissiyalı yeni Lada Vesta rəsmi idxalçı «Xəzər-Lada» tərəfindən «Autograph.az» jurnalına uzunmüddətli testlər üçün təqdim olunub. Gündəlik yürüşlərdə müşahidələrimizi davam etdiririk. Şəhər rejimində «avtomatlı» Lada Vesta rahat və manevrlidir. Hündür klirens isə bəzi parkinq problemlərini asanca həll etməyə zəmin yaradır.

Avtomobilin təhcizatı və salonun rahatlığı da təccübləndirməyə bilməz. Bu qiymətə: avtomatik qatlanan güzgülər, multisükan, klimat kontrol, kruiz kontrol, qızdırılan sükan və oturacaqlar, "blyutuz" və s. kimin yuxusna gələrdi ki…

Avtomobil cəmi 700 km məsafə qət edib, hələlik pandemiya rejimi səbəbindən uzağa gedə bilmirik. Ən maraqlı hadisələr hələ qarşıdadır. Bizi izləyin…