İnsan təkəri icad etdiyi gündən, hər zaman ilk yenilik edənin uğur qazanacağından əmin olmuşdur. Avtomobil sənayesi də bu qaydalardan kənarda qalmamışdır - misallar istədiyiniz qədərdir. Böyük bir avtomobillər sinfinə öz adını vermiş Volkswagen Golf modelini misal çəkmək kifayət edir. Yaxud daha müasir bir misal - Nissan Juke. Bu yığcam krossover bir çox avtomobil şirkətlərinin rəhbərlərinin yuxularına haram qatmağı bacarmışdır.

Bununla belə, yaponların açdığı cığırı digər istehsalçılar da tez bir zamanda tapdalayaraq geniş bir yola çevirməyə nail oldular. Hazırda özünə hörmət edən avtomobil istehsalçısı Nissan’nın bostanına daş atmağı özünə borc bilir. Bu bostana atılan daşlardan biri də Cənubi Koreyadan olan Hyundai konserninin hazırladığı Creta modelidir. Əslində Hyundai Creta heç də bu günlərdə işıq üzü görmüş model deyildir. İlk dəfə olaraq Hyundai Creta krossoveri həyata gözlərini ix25 adı ilə 2014-cü ildə Çində açmışdır.

Sonradan avtomobil Hindistan bazarını fəth etməyə yollanmışdır.

İki il bundan əvvəl Hyundai rəhbərliyi nəhayət ki, daşı ətəyindən tökərək, krossoveri bütün dünyada satmaq qərarına gəldi və avtomobilə Krit adasının ismini bəxş etmiş oldu. Beləliklə, azərbaycanlı alıcılar da bu yığcam şəhər krossoverini əldə etmək şansını qazanmış oldular. Qeyd etmək lazımdır ki, bizim insanlar arasında Hyundai avtomobillərinə bir mənalı münasibət mövcud deyildir - bu avtomobillərin pərəstişkarları da  vardır, ona mənfi münasibət bəsləyənlər də. Hər halda, ölkəmizin yollarında şütüyən Hyundai avtomobillərinin sayını hesablasaq, birincilərin üstünlük təşkil etdiklərinin şahidi olarıq. 

Məncə, Hyundai Creta çoxlarının asanlıqla qəbul edəcəyi zahiri görkəmə malikdir.

Hyundai Creta modelinin qabarit uzunluğu 4270 millimetr, eni - 1780 millimetr, hündürlüyü isə 1630 millimetrdir. Krossoverin təkər bazasının uzunluğu 2590 millimetrə bərabərdir. Hyundai Creta 190 millimetrlik klirensə və 1825 kiloqram tam çəkiyə malikdir. Baqaj bölümünün həcmi 402 litr təşkil edir ki, arxa cərgənin oturacaqlarının qatlanması halında bu rəqəm 1396 litrə qədər artırıla bilər. Creta yeni nəsil Solaris/Accent modelinin platformasında yığılmışdır. Avtomobilin konstruksiyasında yüksək möhkəmlikli poladdan geniş istifadə edilmişdir ki, bu da krossoverin kuzovunun burulmaya qarşı sətrliyindən və yüksək dözümlülüyündən xəbər verir. Zahiri cəhətdən Creta heç də pis alınmamışdır. Avtomobil «dünya gözəli» olmasa da,  ona çirkin deməyə də haqqımız yoxdur. Məncə, Hyundai Creta çoxlarının asanlıqla qəbul edəcəyi zahiri görkəmə malikdir. Krossoverin ən yadda qalan elementləri qara rəngli ön dayaqlar və üçölçülü radiator barmaqlığıdır.

Ön qapının özqnəməxsus forması Creta'nın tanınan dizayn elementlərindəndir

Avtomobilin interyeri də genişliyi və maraqlı tərtibatı ilə yadda qalır. Ön cərgədə sərbəst məkanın olduğu anında hiss edirsən. Arxa cərgədə də gərək olan qədər yer mövcuddur. Hyundai Creta nə qədər yığcam görkəmə rəğmən, geniş daxili məkan təklif edir. Salonun tərtibatında istifadə edilən materiallar gözlədiyimdən də yaxşı səviyyədədir. Buna misal olaraq ön panelin hazırlandığı yumşaq plastiki göstərmək olar.

Doğrudur, salonda sərt plastikə də rast gəlmək olar, lakin avtomobilin qiymətini və hədəflədiyi alıcı kütləsini nəzərə alsaq, bunu normal hal kimi qəbul etmək olar. İstənilən halda «kasib malı» seqmentində çıxış edən avtomobil üçün, Hyundai Creta yaxşı səviyyədə material seçimi ilə seçilir. Avtomobili yığım kefiyyətinə iradlarım demək olar ki, yoxdur - yeganə nöqsan «əlcək qutusunun» kip bağlanmayan qapağındadır. 

1.6-litrlik mühərrik yüksək dövrlərdə xoşagəlməyən səsi ilə yadda qaldı. Digər tərəfdən, 10,2 litrlik yanacaq sərfiyyatı mühərrikin bu günahını bağışlamağa vadar edir

Adətən, dilerlərin testlər üçün ayırdığı avtomobillər ən bahalı komplektasiyada olurlar. Bizim ixtiyarımıza verilmiş Hyundai Creta bu qaydalardan istisna təşkil edir. Test avtomobili yerli nümçayəndənin təklif etdiyi ən zəif təchizat səviyyəsinə - «Komfort» təchiztına malikdir. Zəif demək, heç də adı çəkilən səviyyənin qohum-qonşu yanında avtomobil sahibinin üzünü qızardcağı anlamına gəlmir. Ən diqqət çəkən avadanlıqlar arasında multifunksional sükan çarxını, avtomatik kondisioneri, ön oturacaqların arasındakı dirsəkaltınə və ön oturacaqların qızdırılmasını göstərmək olar.

Digər «xoşagələn» avadanlıqlara baxaq: güzgülərin elektriklə tənzimlənməsi və isidilməsi, uzaqdan idarəetməli açar, elektrik şüşəqaldırıcıları, iki istiqamətdə tənzimlənən sükan, bortkompyüter və arxa park vericiləri. 16-düymlük yüngül lehimli təkər disklərini və duman əleyhinə fənərləri də unutmaq lazım deyildir. Təhlükəsizlik sistemləri baxımından Creta demək olar ki, gərək olan aktiv və passiv təhlükəsizlik sistemlərinə malikdir. Sürücü və sərnişin üçün ön və yan hava yastıqları, pərdə tipli yastıqlar, aktiv başaltılar, ABS, ESP, EBD və yoxuşda enməyə yardım edən DBC sistemi avtomobilin standart təchizatına daxildir.

İşıqdiodları axtarılır!

Müasir avtomobillərin erqonomikasında irad axtarmaq vaxt itkisindən başqa bir şey deyildir.

Hyundai Creta modelinin salonu da erqonomik cəhətdən yaxşı tərtib edilmişdir. Sürücü oturacağına əyləşən andan rahatlıqla idarəetmə orqanlarından istifadə etmək mümkündür. Ön oturacaqların profilləri də məncə uğurlu alınmışdır. Onlar sürücü və sərnişinə lazımi səviyyədə dəstəyi təmin edirlər. Əlbəttə ki, hər gözəlin bir eybi olduğu kimi, Creta’nın da bir  neçə «eybi» mövcuddur. Birinici olaraq alın şüşəsinin qızdırılması düyməsinin yerləşməsini göstərmək olar. Məntiqi olaraq, belə bir düymənin yeri avtomatik klimat-kontrol sisteminin idarəetmə blokudur, amma, nədənsə koreyalı dizaynerlər düyməni sükanın sol tərəfində yerləşən paneldə yerləşdirməyə üstünlük vermişdirlər. İkinci iradım şüşəqaldıranların işıqlandırılmayan düymələrinədir.

Üstəlik, bu düymələrin arasında yalnız sürücünün pəncərəsinə cavabdeh olan düyməsi avtomatik rejimə malikdir.   

Bu maraqlı formaları sizə nəyi xatırladır?

Bizim bazarda Hyundai Creta iki benzin mühərriki ilə təklif edilir. Bunlardan birincisi, test avtomobilinin kapotunun altında yerləşmiş, 123 at qüvvəsinə və 149 Nm fırlanma anına malik olan 1,6-litrlik atmosfer mühərrikidir. Krossoverin ən güclü variantı isə 150 at qüvvəsi və 192 Nm fırlanma anı olan 2,0-litrlik mühərrik ilə təchiz edilir. Ötürmələr qutusu - alternativsiz olaraq altı pilləli avtomatik ötürmələr qutusudur. Hyundai Creta üçün iki ötürmə sistemi təklif edilir: Creta 1.6 Komfort modeli yalnız öndən çəkişlidir. Creta 1.6 Aktiv təchizat səviyyəsində olan və 2,0-litlik mühərrik ilə təchiz edilmiş modellər tam çəkiş sistemi ilə təchiz edilirlər.

Hyundai Creta modelinin 1.6-litrlik mühərriki adı halda sürücüyə problem yaratmır, əksinə güc aqreqatı akselerator pedalının basılmasına çevik və həssaslıqla reaksiya verir. Mühərrikinin gücünün və fırlanma anının azlığı sərnişinlərinin sayının artması və yoxuşa çıxan zaman özünü biruzə verir.

Üstəlik də bu xoşagəlməyən yünsək səslə müşayət olunur. Yeri gəlmişkən Creta modelinin səs izolyasiyası qənaətbəxş səviyyədədir. Avtomobilin mühərrikdən sonra səs-küy yaradan elementi onun alın şüşəsinin dayaqlarıdır.

Eksteryer yığcam təsir bağışlasa da, interyer genişlik saçır

Altı pilləli «avtomat» öz vəzifəsinin öhdəsindən layiqincə gəlir və gündəlik istismar üçün avtomobil qəanətbəxş olan dinamika ilə təmin etməyə çalışır. İstehsalçının təqdim etdiyi məlumatda krossoverin 100 km/saat həddinə 12,1 saniyəyə sürətləndiyi bildirilmişdir. Onun maksimal sürəti isə 169 km/saata bərabərdir. 2.0-litrlik mühərriklə təchiz edilmiş avtomobil 100 km/saat həddinə 11,3 saniyəyə sürətlənir və 179 km/saat maksimal sürətə malikdir. Hyundai Creta modelinin testləri zamanı məni ən çox təəccübləndirən avtomobilin asma sistemi oldu. Krossover öndə McPherson asması, arxada isə Elantra modelindən götürülmüş şaquli amortizatorları olan yarısərbəst tirlə təchiz edilmişdir. Bu konstruksiyada qeyri-adi bir şey olmasa da, asma çox enerjitutumludur. Çala-çuxurlu yollarda və yaxud yüngül yolsuzluq şəraitində asma səssizliyi və elastikliyi ilə seçilir. Hyundai avtomobillərinin ad çıxarmış sərt və səsli asma sistemindən əsər-əlamət belə qlmamışdır.  

Hyundai Creta'nın asması səssizliyi və enerji tutumu ilə bizi təəccübləndirdi

Asma sistemi nə qədər sevindirsə də, sükanın elektrik gücləndiricisinin tənzimləmələri məndə bir o qədər suallar doğurdu. Çox güman ki, bunun əsas səbəblərindən biri avtomobilin mövsümə uyğun olmayan şinlərlə təchiz edilməsidir. Ümumilikdə, sükan sisteminin işindən razı qalmaq olar - parkinqdə sükan yüngül dönməsi ilə seçilir, sürətin artması ilə sükan ağırlaşsa da, sürücünü döngələrdə lazımi qədər məlumatlandıra bilmir. 

Qeyd etmək lazımdır ki, Hyundai Creta modeli Azərbyacanın avtomobil bazarı üçün çox da sevindirici olmayan bir şəraitdə debüt etmişdir. Creta modelinin qiymətləri 33 min manatdan başlayır. Avtomobil salonlarının menecerlərinin ayrıq  satış rəqəmlərinə baxaraq saçlarını yolduqları bir şəraitdə Creta modelinin Auto Azerbaijan şirkəti üçün xilasedici halqaya çevriləcəyindən əmin olmaq mümkün deyildir.   

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt