Bir müddət bundan öncə yerli kütləvi-informasiya vasitələrində "The Grand Tour" şousunun növbəti epizodunun Azərbaycanda çəkiləcəyi barədə məlumat yayılmışdır. Lakin, məlumatın mənbəyi göstərilmədiyi üçün biz bu məsələyə bir qədər ehtiyatla yanaşmışdıq.

Bu günlərdə bu xəbər rəsmi təsdiqini tapıb.  Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov “Autograph” saytına verdiyi müsahibəsində bu məlumatı təsdiqləyib.

“Bir il öncə “Top Gear” verilişi Azərbaycana gəlmişdi. Biz onlara regionlarda çəkilişə dəstək verdik, nəqliyyat vasitələri ilə təmin etdik. Həm müsair avtomobillər, həm offroader, həm də klassik avtomobilləri onların ixtiyarına verdik, - Anar Ələkbərov bildirib. - Hazırda “The Grand Tour” şousunun aparıcısı Ceremi Klarkson ilə əlaqədəyik. Yaxında onlar Azərbaycana səyahət edəcəkdirlər. Səkkiz aydır ki, danışıqlar, müzakirələr gedir. Onlar Gürcüstan və Azərbaycanın regionlarında, həmçininə Bakıda çəkilişlər edəcəkdirlər.

Təbii ki, bu programın öz xüsisiyyətləri var - özəl zarafatlarla bol olan şou proqramdır. Biz də onlara dəstək verəcəyik. Onların milyonlarla izləyicisi var, bu da ölkəmizi tanıtmaq üçün çox gözəl bir imkandır”.