Toyota şirkəti daxili bazarda satılan Land Cruiser Prado modelini modernləşdirib. Ofrouder təkmilləşdirilmiş təhlükəsizlik sistemləri kompleksini və yenilənmiş dizel mühərrikini əldə edib.

Toyota şirkətinin mətbuat xidmətinin bildridiyinə görə, Toyota Safety Sense təhlükəsizlik sistemləri kompleksi indi geniş diapazonda maneə aşkaretmə qabiliyyətinə sahib olub: sistem piyada və velosipedçiləri tanıyır, yol nişanlarını oxuyur və zolağın tərk edilməsi halında xəbərdarlıq edir. Opsional avadanlıq siyahısına smartfonlarla inteqrasiya funksiyası və doqquz düymlük ekranı olan multimedia sistemi ilə tamamlanıb.

Image alt Image alt Image alt Image alt Image alt

Bununla yanaşı, əsas texniki yenilik, modernləşdirilmiş 2,8-litrlik 1GD-FTV dizel mühərrikidir. Daha effektiv turbokompressor ilə təchiz edilən mühərrikin hasilatı 204 at qüvvəsi və 500 Nm fırlanma anına qədər artırılıb. Xatırladaq ki, əvvəllər bu mühərrik 177 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edirdi. Dizel aqreqatı altı pilləli avtomatik transmissiya ilə tandemdə çalışacaqdır.

Bundan əlavə, ofrouder son zamanlar dəbdə olan Black Edition tərtibat variantına da sahib olub. Belə versiya tündləşdirilmiş eksteryer və interyer elementləri ilə seçiləcəkdir. Yaponiya bazarında modernləşdırılmış Toyota Land Cruiser Prado modelinin qiyməti 4.3 - 5.5 milyon yen təşkil edir.