Toyota şirkətinin nümayəndələri uzun müddətdir ki, ortamühərrikli MR2 rodsterini yenidən həyata qaytarmaq istədikləri barədə danışırlar. Bu günlərdə layihənin baş mühəndisi Tetsuya Tada Toyota MR2 layihəsində Porsche şirkətinin iştirak etməsini məqsədəuyğun saydığını bildirib.

Məlum məsələdir ki, hələlik nə Toyota, nə də Porsche tərəfindən bu layihədə iştirakı təsdiq edəcək heç bir məlumat verilməyib. Bu söz-söhbətin yaranmasına səbəb isə, Tadanın AutoIndustria nəşrinə verdiyi müsabibə olub. Mühəndis, «bu layihə çərçivəsində hansı şirkətlə əməkdaşlıq edə bilərsiniz?» sualına ən yaxşı tərəfdaşın Porsche şirkəti olacağını bildirib.

Əlbəttə ki, bu Toyota nümayəndəsi tərəfindən edilmiş bir zarafat da ola bilər. Lakin, Toyota şirkəti üçün rəqibləri ilə birgə layihələrdə iştirak etmək, son zamanlar adi praktikaya çevrilib. Porsche şirkətinin ortamühərrikli sportkarların yaradılmasında böyük təcrübəsinin olduğunu nəzərə alsaq, belə ittifaq olduqca real görünür.

Artıq Toyota şirkətinin model xəttində belə layihələrin məhsulu olan iki model var - GT86 və Supra. Onlardan birincisi Subaru, ikincisi isə BMW şirkəti ilə əməkdaşlığın nəticəsidir.

Qeyd etmək lazımdır ki, Toyota Supra modelində yapon markasının fanatlarının sevimlisi olan 2JZ mühərrikindən bavariya mühərrikinin xeyrinə imtina edilməsi marka azarkeşlərinin ciddi narazılığına səbəb olub.

Toyota MR2 modelinin yenidən həyata qaytarılması barədə şayiələr 2010-cu ildə peyda olub. Yapon markasının rəhbərliyi avtoidmandakı əvvəlki uğuru təkrar etmək fikrində olduğunu bildirmişdi. Yarış avtomobilləri ilə məşğul olan Gazoo Racing bölməsi rodsterin davamçısı üzərində çalışmaların getdiyini təsdiqləşmişdi.