Toyota Motor Corporation apreldə başlayan və iyunda başa çatan cari maliyyə ilinin birnci rübünün yekunları haqqında məlumat verib. Bu müddət ərzində ən böyük avtomobil istehsalçısının əməliyyat mənfəəti 42 faiz azalaraq 578,66 milyard yenə (4,3 milyard dollar) düşüb. Xatırladaq ki, 2021-ci ilin müvafiq dövründə bu rəqəm 997,4 milyard olub. Buna səbəb uzun sürən detal çatışmazlığı, bahalaşmış xammal, koronavirus yayılmaları və istehsal həcmini azaltmağa məcbur edən digər problemlər olub.

Mənfəətin azalmasının miqyası ən pessimist proqnozları belə üstələyib: analitiklər Toyota konserninin mənfəətinin yalnız 15 faizini itirəcəyini proqnozlaşdırdılar. Rübün nəticələrinin açıqlanmasından sonra şirkətin səhmlərinin dəyəri üç faiz azalaraq hər səhm üçün 2091 yenə düşüb.

Toyota, materialların - əsasən də polad və alüminiumun bahalaşmasının şirkətə 315 milyard yenə başa gəldiyini qeyd edib. Xammala çəkilən ümumi xərclərin ilin sonuna qədər 17 faiz artaraq 1,7 trilyon yenə çatacağı proqnozlaşdırılır.

Bununla belə, avtomobillərə tələbat stabil şəkildə yüksək olaraq qalır və bu, 2023-cü ilin aprel ayına qədər 9,7 milyon avtomobil istehsal etmək planının yerinə yetiriləcəyinə ümid verir. Şirkət mikroçiplərin çatışmazlığının, eləcə də zavodlardakı koronavirusla bağlı problemlərin tədricən aradan qalxacağını gözləyir ki, bu da maliyyə ilinin ikinci yarısında buraxılış həcmini tədricən artırmağa imkan verməlidir.

Çətin keçən birinci rübdə Toyota hər ay istehsal planlarına düzəliş etməli, onları təxminən 10 faiz azaltmalı olub. Qeyri-stabil qrafikə görə şirkət tələbatın öhdəsindən gələ bilmir və Land Cruiser 300 də daxil olmaqla yeni avtomobillər üçün sifarişləri dayandırmağa, hətta artıq yığılmış sifarişləri ləğv etməyə belə məcbur olub.

İstehsalçının digər problemləri də var: Toyota bZ4X elektrik krossoveri buraxıldıqdan dərhal sonra geri çağırılmalı olub. Üstəlik, Hino Motors törəmə müəssisəsi yeni dizel qalmaqalı ilə üzləşə bilər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.