Toyota Camry modeli alıcılar arasında çox populyar olmasına baxmayaraq, ciddi bir çatışmamazlığa malikdir – sedan tam ötürmə sistemi ilə təklif edilmir. Bu çatışmamazlıq ucbatından alıcıların bir hissəsi nəzərlərini krossoverlər və ofrouderlər yönəltmək məcburiyyətində qalırlar. Lakin, yaxın zamanlarda bu çatışmamazlıq aradan götürüləcəkdir.

Toyota şirkəti Camry və Avalon modellərinin AWD indeksinə malik olan versiyalarını hazırladığnı bəyan edib. Toyota Camry AWD 2020-ci ilin yazında, Toyota Avalon AWD isə 2020-ci ilin payızında satışa çıxacaqdır. Xatırladaq ki, Toyota Camry əvvəllər də tam ötürmə ilə təklif edilib. Toyota Camry All-Trac modeli 1988-1991-ci illər arasında istehsal edilib.

Toyota nümayəndələrinin bildirdiyinə görə, Camry və Avalon modellərini tam ötürmə ilə təmin etmək o qədər də çətin olmayıb. Məlumdur ki, hər iki sedan RAV4 krossoveri kimi TNGA modul platformasında inşa edilib. Sedanlar üçün əvvəlcədən tam ötürmə sistemi nəzərdə tutulmadığı halda, mühəndislər RAV4 modelinin mühərrikini, transmissiyasını, paylayıcı qutusunu və arxa differensialını Camry və Avalon modellərinə adaptasiya etməyə müvəffəq olublar.

Toyota mühəndisləri tam çəkiş sisteminin komponentlərini yerləşdirmək üçün sedanların döşəmələrinin quruluşunu və yanacaq çənlərinin formasını dəyişdiriblər. Bundan başqa, onlar Highlander modelinin kardan valının modifikasiya edilmiş versiyasını quraşdırblar. Arxa differensialın quraşdırılması baqaj bölümünün həcminə təsir göstərməyib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Toyota Camry AWD sedanı da “fırlanma anını dinamik şəkildə bölüşdürülməsi” funksiyasına malik olan tam ötürmə sistemi ilə təchiz edilir. Tam ötürmə sistemi nəinki fırlanma anının 50 faizini arxa oxa ötürə bilir, o həmçinin onu sağ və sol təkərlər arasında da bölüşdürür ki, bu da idarəetmənin yaxşılaşdırılmasına xidmət edir. Tam çəkişə ehtiyac olmadıqda, ön və arxa oxda yerləşən xüsusi dişli muftalar kardanın fırlanmasını və fırlanma anının arxa oxa ötürülməsini dayandırır.

Öndənçəkişli Toyota Camry modeli müxtəlif mühərriklər ilə təklif edilsə də, tam çəkişli variant yalnız Toyota RAV4 modelindən tanış olan 205 at qüvvəli 2,5-litrlik mühərrik və 8-pilləli avtomatik ötürmələr qutusu ilə təchiz olunacaqdır. Toyota Camry AWD və Avalon AWD modellərinin istehsalı Toyota şirkətinin Kentukki ştatının Corctaun şəhərindəki zavodunda yerləşdiriləcəkdir. Hər iki model Şimali Amerika bazarı üçün nəzərdə tutulub.