Toyota şirkətinin bZ elektromobillər ailəsində əlçatan qiymətə, lakin tutumlu sedan peyda olacaqdır. Yeni elektrik sedanı Çinin BYD şirkəti ilə əməkdaşlıqda hazırlanacaq və ilk növbədə Səma İmperiyasında təklif ediləcəkdir. Bu barədə Automotive News Europe nəşri xəbər verib.

Konseptin təqdimatının 2022-ci ildə Pekində keçiriləcək avtosalonda baş tutması gözlənilir. Seriya modeli isə, 2022-ci ilin sonunda debüt etməlidir. İlkin məlumatlara görə, söhbət Corolla modeli ilə eyni ölçüdə və yaxud arxa cərgədə geniş məkanı olan bir qədər iri avtomobildən gedir. Sedan 200 min yuandan (53 min manat) baha olmamalıdır - yəni, bZ sedanı gələcəkdə işıq üzü görəcək ən əlçatan Tesla elektrokarı ilə eyni seqmentdə çıxış etməlidir.

BYD Han EV

Hazırda müxtəlif növ elektrik nəqliyyatının istehsalçısı olan BYD şirkəti, bu layihə üçün, Blade litium-dəmir-fosfat batareyaları da daxil olmaqla bir sıra əsas texnologiyaları təqdim edəcəkdir. Bu akkumulyatorlar enerjinin rekord sıxlığı ilə öyünə bilməsələr də, rəqiblərindən daha ucuz, uzunömürlü və ylğcamdırlar.

Yapon və çinlilər hazırlanan sedan barədə şayiələri şərh etmirlər. Bununla belə, onlar 2019-ci ildə batareyalı elektrokarların yaradılması üzrə razılaşmaya gəliblər, 2020-ci ilin yazında isə BYD Toyota EV Technology (BTET) birgə müəssisəsini yaradıblar. Bundan başqa, Daihatsu və Suzuki ilə yanaşı, BYD rəsmi olaraq Toyota ilə birlikdə bZ xəttini inkişaf etdirəcək tərəfdaş-şirkətlər siyahısına daxil edilib.

BYD Han EV

Toyota şirkəti 2025-ci ilə 15 yeni elektromobili təqdim etməlidir ki, bunlardan yeddisi beyond zero ailəsinə aid olacaqdır. Hələlik bu ailənin ilk üzvü - bZ4X krossoveri təqdim edilib. Əvvəllər, bZ indeksini bir neçə krossoverin, habelə sedan və miniveninin alacağı bildirilmişdi.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.