Toyota şirkətinin Yaris hetçbekinin bazasında yaradılmış subkompakt krossover hazırladığı barədə artıq məlumat vermişik. Bu krossoverin Cenevrədə nümayiş etdirilməsi planlaşdırılsa da, məlum səbəblərdən yığcam modelin debütü təxirə salınıb.

Toyota şirkəti yeni modelin təqdimat tarixi barədə heç bir məlumat verməsə də, AutoNocion nəşri hesab edir ki, yapon istehsalçısı yeni krossover haqqında ətraflı məlumat sabah - 23 aprel tarixində açıqlayacaqdır. Doğrudur, nəşr məlumatın mənbəyini göstərmədiyi üçün, bu məlumata bir qədər şübhə ilə yanaşmaq gərəkdir. Lakin, atalarımız demişkən - od olmasa, tüstü çıxmaz. Yeri gəlmişkən, əvvəllər yeni krossoverin bu ilin payızında satışa çıxarılacağı söylənilirdi.

Yeni krossover Toyota şirkətinin model cərgəsində C-HR krossoverindən bir pillə aşağıda qərarlaşmalıdır. TNGA-B platformasına əsaslanan krossover yapon markasını populyar seqmentlərindən biri olan supkompakt krossoverlər sinifində təmsil edəcəkdir.  Krossoverin baza modifikasiyasının 1,5-litrlik atmosfer mühərriki və ön ötürmə ilə təchiz ediləcəyi bildirilir. Modelin top versiyası arxa oxu hərəkətə gətirən elektromotoru əldə edəcəyi söylənilir.