Volvo şirkəti bu günlərdə ölkə kinoteatrlarında nümayiş etdirilən “Tomb Raider” filmində baş qəhrəman Lara Kroftun səfərlər zamanı Volvo XC40 avtomobilindən istifadə etdiyini bəyan edib.

İsveç istehsalçısı, hətta bu filmdə nümayiş etdirilən avtomobilə bənzər XC40 krossoverini əldə etmək istəyənlər üçün Lara Croft adlandırılmış xüsusi onlayn konfiqurator da yaradıbdır. Filmdəki avtomobildən danışarkən, bu krossover Britaniya bazarı üçün nəzərdə tutulan Volvo XC40 White R-Design spesifikasiyasına sahibdir.

Xatırladaq ki, Volvo XC40 modeli «Avropada ilin avtomobili» müsabiqəsinin qalibi olub.  Volvo XC40 modeli 325 səs alaraq birinci yeri tutub. Onun ardınca 242 səs toplamış Seat İbiza ikinci olub. Üçüncü yer isə 226 səs toplamış BMW 5-Series modelinə qismət olub. Nominantlar siyahısına həmçinin Kia Stinger (204 xal), Citroen C3 Aircross (171 xal), Audi A8 (169 xal) və Alfa Romeo Stelvio (163 xal) daxil olub.

Volvo XC40 modelinin kütləvi təqdimatı keçən ilin sentyabrında Milanda keçirilən xüsusi mərasimdə baş tutub. Krossover isveç markasının CMA modeul platformasında inşa edilən ilk modeli olub. Bu platforma gələcəkdə 40-cı seriyadan olan avtomobillərin əsasını təşkil edəcəkdir.