Voljsk avtomobil zavodu yeni təyinat barədə məlumat verib. 1 yanvar 2018-ci il tarixindən şirkətin mühəndislik üzrə vitse-prezidenti vəzifəsini Selçuk Kura icra edəcəkdir. Türk mühəndis bu vəzifədə alman mühəndis Harald Grubeli əvəz edəcəkdir.

İstanbul Texniki Universitetinin məzunu olan 53 yaşlı menecer 30 ildir ki, Renault-Nissan ittifaqında çalışır.

Xatırladaq ki, bu ilin oktyabr ayında Kura AvtoVAZ şirkətinin prezidenti Nikolya Moranın böyük məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Selçuk Kura əvvəllər Renault və Nissan şirkətlərində yüksək vəzifələrdə çalışıb. O, fransız şirkətinin Türkiyədəki yüngül kommersiya avtomobilləri bölməsində mühəndislik üzrə vitse-prezident, Fransadakı mərkəzində şassi mühəndisliyi üzrə vitse-prezident vəzifələrini tutub.

Selçuk Kura sedan kuzovlu Renault Megane II, Dacia Lodgy və Dokker layihələrinin direktoru olub. Maraqlıdır ki, Selçuk Kuranın AvtoVAZ-ın texniki inkişaf bölümünə başçılıq etməsi tarixi, onun əsəri olan Renault Dokker modelinin Rusiya bazarına çıxması tarixi ilə üst-üstə düşür.