Türkiyə hökuməti milli avtomobilin yaradılması üzrə konsorsiumun yaradıldığını elan edib. Yaradılan birgə müəssisənin təsisçilərinin tərkibinə Turkcell mobil rabitə operatoru, Anadolu, Kıraça və Zorlu holdinqləri, həmçinin yük avtomobilləri istehsalçısı BMC şirkəti daxildir. Bu barədə xəbəri Hüriyyet Daily News yazıb.

Prezident Ərdoğan ilk türk avtomobilinin prototipini 2019-cu ildə görmək istədiyini bildirib. “Mən birinci olaraq belə avtomobili əldə etmək istərdim və onun pulunu ödəməyə də hazıram”, - Ərdoğan bildirib. O, həmçinin, hibrid və ya elektrik güc aqreqatı ilə hərəkətə gələn avtomobilə sahib olmaq istədiyini də qeyd edib. Avtomobilin satışlarına 2021-ci ildə başlanılmalıdır.

Bu türk hökumətinin milli avtomobil buraxmaq üzrə ilk cəhdi deyildir. 2015-ci ildə Türkiyə hökuməti Saab 9-3 modelinin texnologiyaları və aqreqatlarından istifadə hüququnu əldə edib. Hətta, o zaman bir neçə prototip də inşa edilib.  Elektrokarlar, tərkibinə iki silindrli mühərrik daxil olan güc aqreqatı ilə hərəkətə gəlirdilər. Benzin mühərrikdən yalnız batareyaların doldurulması üçün istifadə edilirdi.

Vaxtı ilə layihənin dəyəri bir milyard dollar qiymətləndirilib. Onun həyata keçirilməsi üçün, türklər isveç-çin birgə müəssisəsi olan National Electric Vehicles Sweden (NEVS) şirkətini cəlb etmişdilər. Sonradan NEVS şirkətinin yalnız texniki dəstək göstərəcəyi bildirilmişdi. Yeni milli avtomobil layihəsində isveç-çin şirkəti artıq iştirak etmir.