Türkiyənin ilk yerli avtomobil markası olan Togg ağıllı cihaz adlandırdığı ilk elektrik krossoverinin seriya istehsalına başlayıb. Konveyer xəttindən çıxan C seqmentindən olan ilk krossover qırmızı rəngə boyanıb. Bundan başqa, ilk istehsal olunan modellər altı müxtəlif rəngə boyanıblar.

Togg Texnologiya Kampusunun açılış mərasimində çıxış edən şirkətin rəhbəri Gürcan Karakaş, türk markasının hədəfində C sinifindən olan sedan və kross-kupenin olduğuna da işarə edib. O, "Yeni Liqaya Səyahətdə Növbəti Addımlar" adlı çıxışında şirkətin gələcək planlardan bəhs edərkən, yuxarıda adı çəkilən avtomobillərin vizual görüntülərini də ilk dəfə paylaşıb.

“Ağıllı cihaz məhsul portfeli üzərində həyəcanla işləyirik”

TOGG markasının rəhbəri Gürcan Karakaş yola tək məhsulla deyil, ağıllı cihaz məhsul portfeli ilə çıxdıqlarını ifadə edərək, “Hədəflərimizə uyğun olaraq 2030-cu ilə qədər 5 fərqli modeli buraxmağı planlaşdırdıq.

2023-cü ilin birinci rübündə ilk ağıllı cihazımız olan C SUV ilə istifadəçilərimizlə görüşəcəyik. 2025-ci ilin birinci yarısında C-Sedan, 2026-cı ildə C-X Coupé modelləri ilə yollara çıxmağa hazır olacağıq. Biz B-SUV və MPV modellərimiz üzərində də həyəcanla işləyirik”, - deyə Togg rəhbəri qeyd edib.

Ümumi platformada 5 fərqli model

2030-cu ilə qədər ortaq platformadan istifadə edərək 5 fərqli model və bir milyon avtomobil istehsal etməyi planlaşdıran Togg markasının ilk krossoveri, homologasiya testlərindən sonra, 2023-cü ilin birinci rübündə satışa çıxarılacaqdır.

Daha sonra, istehsal xəttinə C seqmentindən olan C-Sedan və C-X Coupé modelləri daxil ediləcəkdir. Sonrakı illərdə ailəyə B-SUV və C-MPV modellərinin əlavə edilməsi ilə eyni DNT-ni daşıyan 5 modeldən ibarət məhsul çeşidi tamamlanacaqdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.