Tarix - 24 avqust 2001-ci il. Bu hadisə çoxlarının yadında olmalıdır. Yenicə müstəqilliyinə qovuşmuş dövlətimizə qarşı yönləndirilmiş təhdidlərin və provokasiyaların qarşısını almaq və qardaş Türkiyə dövlətinin hər zaman Azərbaycanın yanında olduğunu nümayiş etdirmək üçün, Bakı səmalarında TÜRK YILDIZLARI qrupunun uçuşları təşkil edilmişdi. Bir neçə gün ərzində türk pilotlar paytaxtımızın üzərində uçaraq, Azərbaycanın müstəqilliyini istəməyənlərə açıq mesaj göndərirdi.

Həqiqətən, bu göstəri hər bir azərbaycanlıya möhtəşəm duyğular bəxş edir, düşmən qarşısında tək olmadığımızı göstərir və bizləri ruhlandırırdı. Məhz bu uçuşlardan sonra bizə qarşı edilən hücum və təhdidlərə son qoyuldu. Bu gün həmin şahinlərin davamçıları olan SOLOTÜRK pilotları və komandası barədə məlumat vermək istərdim.

SOLOTÜRK - Türk Hərbi Hava Qüvvələrinin müasir və yüksək keyfiyyətli F-16 Fighting Falcon qırıcı təyyarələrindən istifadə üçün pilotlardan tələb olunan yüksək bilik və bacarıq səviyyəsini tamaşaçılara nümayiş etdirən göstəriş komandasıdır. Nümayiş uçuşları tək F-16C Block-30TM təyyarəsi ilə həyata keçirilir. Boyadan başqa, təyyarədə heç bir dəyişiklik edilməyib və digər F-16-lar kimi hər hansı bir döyüş tapşırığı üçün istifadə edilə bilər. SOLOTÜRK pilotları nümayiş uçuşları xaricində döyüş hazırlıqlarını da davam etdirirlər.

SOLOTÜRK komandasının tarixi 25 noyabr 2009-cu ildən başlayır. Komanda Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən başladılan "Tek F-16 Uçağı ile Gösteri Uçuşu" proqramı çərçivəsində yaradılmış, 14 dekabr 2010-cu ildə pilot minbaşı Murat Keleş, pilot yüzbaşı Fatih Batmaz və pilot yüzbaşı Sedat Yalınının qurucu komandaya seçilməsi ilə fəaliyyətə başlamışdır. 

Pilot minbaşı Murat Keleş, 18 may 2010-cu ildə, F-16 Fighting Falcon qırıcısı ilə ilk uçuş təlimlərinə başlamış və təlimini 20 avqust 2010 tarixində tamamlayaraq Türkiyənin ilk solo nümayiş pilotu olmuşdur. Təlimlər, arxa kokpitdə digər iki nümayiş pilotunun iştirakı ilə həyata keçirildi. 2010-2011-ci il uçuş-təlim ilinin başlanğıcı sayılan 1 sentyabr 2010-cu il tarixində,, 4-cü Əsas Təyyarə Bazasında həyata keçirilən ilk nümayiş uçuşu, Türkiyə HHQ-nin o zamankı komandanı olan ordu generalı Hasan Aksaya təqdim edilmişdi. 

SOLOTÜRK təyyarələrinin qrafik dizaynına Türkiyə dövlətinin, Türk Millətinin və Türk Hava Qüvvələrinin ən dəyərli və mənalı simvolları daxil edilib.

SOLOTÜRK adının seçilməsinin də maraqlı tarixçəsi var: Hərbi Hava Qüvvələri Komandanlığı tərəfindən göndərilən 300 təklif arasından SOLOTÜRK adı seçilmişdir. SOLOTÜRK komandası 3-cü Əsas Təyyarə Bazasındakı 132-ci eskadriliyada (Konya) 2 pilot və 2 köməkçi heyət, həmçinin Təyyarə Baxımı Komandanlığından seçilən 9 nəfərlik təyyarəyə texniki xidmət qrupu ilə birlikdə fəaliyyətini davam etdirir.

SOLOTÜRK pilotlarının istifadə etdiyi F-16 qırıcılarının dizaynı üzərində qrafika dizayneri Murat Dorkip işləmişdir. Türk Millətinin və Türk Hərbi Hava Qüvvələrinin simvolu olan Qartal, SOLOTÜRK komandasının da tarixində öz yerini tapıb.

SOLOTÜRK qırıcılarının alt hissəsinə həkk edilmiş qızılı rəngli Ay və Ulduz, Türk Millətinin rəmzi olan Türk Hərbi Hava Qüvvələrinə bağlılığı təmsil edir. Təyyarənin üzərindəki gümüş ulduz, SOLOTÜRK-ün Türkiyə Cümhuriyyətinin və 21-ci əsrin Türkiyə Hava Qüvvələrinin ulduzu olmaq fikrinə dayanır.

SOLOTÜRK uçarkən qanadda görünəcək, mat qara rəngin üzərinə parlaq qara rənglə çəkilmiş Qartal, pilotların azadlıq ruhunun və qətiyyətinin rəmzi sayılır. Təyyarənin burnuna doğru uzanan qara və boz çarpaz xətlər, sürətli düşünmə və qərar qəbul etmə, davamlı inkişaf və sərhəd tanımamaq kimi keyfiyyətləri təsvir edir.

Nəticədə, qrafik dizayn üçün seçilən gümüş, qara və qızıl rənglər, Türk Hərbi Hava Qüvvələrinin 21-ci əsrin hava, kosmik və informasiya gücü olmaq görüşü ilə əlaqələndirir. Ümumiyyətlə, SOLOTÜRK qırıcılarının qrafik dizaynı "Türk Hava Kuvvetleri Çağıyla Yarışıyor" şüarının təcəssümüdür.

SOLOTÜRK pilotları təkcə Türkiyədəki tədbirlərdə deyil, digər ölkələrdə də keçirilən aviasiya tədbirlərində iştirak edərək, türk pilotlarının ustalığını və məharətini nümayiş etdirir.