Uber şirkəti avtonom idarəetmə sistemləri ilə təchiz edilmiş prototiplərin Toronto, Feniks, Pittsburq və San-Fransisko şəhərlərində keçirilən sınaqlarını dayandırıb. Calgary Sun nəşrinin bildirdiyinə görə, sınaqların dayandırılmasının səbəbi prototipin keçirdiyi qəza olub. Qəza zamanı bir qadın həlak olub.

Uber şirkəti Twitter sosial şəbəkəsindəki səhifəsində həlak olan şəxsin ailəsinə baş sağlığı verib. Şirkətdən baş vermiş hadisəni araşdırmaq üçün polisə lazımi köməkliyin göstərəlicəyini də bildiriblər. Qəza Arizona ştatının Tempe şəhərində baş verib. Avtonom idarəetmə sistemi olan Uber prototipi piyada keçidinin hüdudlarından kənarda yolu keçən qadını vurub. Qadın xəstəxanada vəfat edib.

Qəza zamanı avtomobildə sürücü-sınaqçı da olub. Bu hadisə ABŞ-da pilotsuz avtomobilin iştirakı ilə baş verən və faciə ilə nəticələnən ilk yol-nəqliyyat hadisəsi olub.  2017-ci ildə Uber və Volvo şirkətləri arasında müqavilə bağlanıldığı barədə məlumat verilib. Müqaviləyə əsasən isveç istehsalçısı Uber şirkətinə 24 min avtomobil təqdim etməli idi. Tempedəki sınaqlarda da son nəsil Volvo XC90 avtomobilindən istifadə olunub.