Səudiyyə Ərəbistanının milli neft şirkəti olan Saudi Aramco, elektrokarların artan populyarlığından daha çox Uber kimi xidmətlərin öz fəaliyyətinə təhlükə olduğunu bildirib.

Şirkətin başçısı Yasir Müftinin sözlərinə görə, belə xidmətlər fərdi avtomobillərin sayının azalmasına səbəb ola bilər.

Bu barədə məlumatı məşhur Financial Times qəzeti xəbər yayıb. Saudi Aramco analitiklərinin proqnozuna görə, 2040-ci ilə elektromobil və hibridlərin sayı artaraq, mövcud olan avtomobillərin ümumi sayının 10-20 faizini təşkil edəcəkdir.

Neft istehlakı sahəsində şirkətin proqnozu bir qədər nikbindir – onlar ən azından 20 il müddətində artımın olacağından əmindirlər. Bununla belə, fransız Total neftqaz şirkətinin iqtisadçıları 2030-cu ilə elektrokarların payının 15-30 faiz olacağını bildiriblər.

Elə həmin zaman da, yanacağa olan tələbat pik nöqtəsinə çatacaqdır.   

Saudi Aramco rəhbəri biznesin yeni istiqamətlərinin inkişaf etdirilməsi barədə düşündüyünü də bildirib.

Bunların arasında raydşərinq xidmətlərinə sərmayə qoyuluşu, taksi xidmətlərinə yanacağın topdan və ya fərqi avtomobil sahiblərinə birbaşa satışının təşkil edilməsi də vardır.

2016-cı ildə, Saudi Aramco şirkətinin də daxil olduğu Səudiyyə Ərəbistanının müstəqil investisiya fondu Uber xidmətinin beş faizlik səhmlərini 3,5 milyard dollara satın alıb. Bu şirkətin mövcud olduğu zamandan həyata keçirilən ən iri sərmayə qoyuluşudur. İnvestisiya müqaviləsinə əsasən, fondun rəhbəri Yasir əl Rumayan xidmətin direktorlar şurasına daxil olub.