Bu həftəsonu Çində keçiriləcək yarış Formula 1 çempionatının 1000-ci yarışı olacaqdır. Əlbəttə ki, F1 təşkilatçıları bu əlamətdar hadisəni qeyd etmək üçün əllərindən gələni ediblər. Bu gün Şanxayda keçirilən 1000-ci yarışın təsnifat mərhələsində Mercedes komandasının fin pilotu Veltteri Bottas poulun sahibi olub.

Fin pilot komanda yoldaşı beşqat dünya çempionu Lyuis Həmiltonu və Scuderiya Ferrari komandasının pilotu dördqat dünya çempionu Sebastyan Fetteli qabaqlayaraq poula sahib olub. Ümumiyyətlə, fin pilot bu gün keçirilmiş sərbəst yürüşlərdə də poula iddialı olduğunu göstərib. Britaniyalı pilot ikinci seqmentdə komanda yoldaşından yeyin olsa da, Bottas ondan cəmi 0,007 saniyə geridə qalıb.

Bununla belə, sonuncu seqmentdə Lyuis vaxtını yaxşılaşdıra bilməyib, Valtteri isə dövrəni daha yeyin qət edərək 1,31.547 zamanla başa vurub. Bu poul fin pilotun karyerasındakı yeddinci, keçən ilki Rusiya Qran Prisindən sonra ilk poul olub.

Ferrari pilotları bu dəfə rəqibləri ilə mübarizə aparmaq əzmini nümayiş etdirsələr də, onalrın göstərdikləri zaman yalnız ikinci cərgəni zəbt etməyə imkan verib. Sebastyan Fettel üçüncü, ondan 0,017 saniyə geridə qalan Lekler isə dördüncü olub. Bununla belə, Scuderia pilotları yarışda rəqiblərinə qalib gəlmək şanslarının olduğundan əmindirlər. Doğrudur, Ferrari düzlükdə sürətli olsa da, döngələrdəki sürətinə görə Mercedes bolidindən geri qalır.

İlk altılığa Red Bull Racing pilotları Maks Ferstappen və Pyer Qasli daxil olublar. Qeyd etmək lazımdır ki, hər iki pilot sonuncu həlledici dövrəyə başlaya bilməyiblər. Maks komandaya iradını bildirməklə yanaşı, Fettel və iki Renault pilotunun ona vaxtında sürətlənməyə mane olduqlarını bildirib. Bənzər səhvə Haas komandası eyni səhvə yol verib. Odur ki, Renault pilotları dördüncü cərgədən, Qrojan və Maqnussen isə beşinci cərgədən yarışa başlayacaqdırlar.

Toro Rosso komandasının rusiyalı pilotu Daniil Kvyat yarışa 11-ci yerdən başlayacaqdır. Kimi Rəykkonen isə, 2016-cı ilin Macarıstan Qran Prisindən sonra ilk dəfə olaraq təsnifat mərhələsinin final hissəsinə düşə bilməyib. Fin pilot düzlüklərdə Alfa Romeo bolidinin mühərrikinin güc itirdiyini bildirib. Onun komanda yoldaşı Antonio Covinazzi isə, problem ucbatından ümumiyyətlə təsnifatda iştirak edə bilməyib. Onunla bərabər, səhər sessiyasında qəza keçirmiş Əlbon da sırlamalarda iştirak etməyib.

Mercedes, Ferrari və Maks Ferstappen yarışa Medium təkərləri ilə başlayacaqdırlar. Sərt tərkibli təkərlər belə ikinci seqmentdə onlara yeyin olmağa imkan verib.