Əfsanəvi Volkswagen Golf GTI modeli bu il 45 illik yubileyini qeyd edəcəkdir. 1976-cı ildə buraxılmış ilk Golf GTI modeli Autobianchi A112 Abarth və Simca 1100 T modelləri ilə birlikdə “qaynar” hetçbeklər janrına həyat verib.

Bu günlərdə Volkswagen Golf GTI Edition 45 modelinin İnternet şəbəkəsində peyda olan şəkilləri, yubiley versiyasının bir sıra kosmetik dəyişiklikləri alacağını göstərir. Dəyişikliklər yeni təkər diskləri, yeni ön splitter, arxa qapıya vurulan qara spoyler və qapılara vurulan “45” yazıları ilə məhdudlaşır. Bundan başqa, arxa hissədə səsboğucu sisteminin iki iri çıxış borusu və yeni diffuzor quraşdırılıb.

Salonda yeni idman sükan çarxının və “45” rəqəmi həkk edilmiş yeni idman oturacaqlarının quraşdırılacağı gözlənilir. Cihazlar panelinin və multimedia sisteminin xüsusi qrafikaya malik olacağı da ehtimal olunur.

Hazırda Golf GTI modeli 242 at qüvvəsi və 370 Nm fırlanma anı hasil edən 2,0-litrlik benzin turbomühərriki və 6-pilləli mexaniki ötürmələr sistemi ilə təchiz edilir. “Qaynar” hetçbek 100 km/saat həddinə 6,2 saniyəyə sürətlənir və onun maksimal sürəti 250 km/saat həddində məhdudlaşdırılıb.

Image alt Image alt Image alt

Bundan başqa, alman istehsalçısı 295 at qüvvəli Golf GTI Clubsport modelini və 316 at qüvvəli tamötürməli “bərkgedən” Golf R hetçebkini təklif edir. Golf GTI Edition 45 modelinə gəldikdə isə, yubiley modelinin güc qurğusunun xarakteristikaları hələlik məlum deyil.