Volkswagen AG konserni 2030-cu ilə qədər qlobal dəyişikliklər vəd edən New Auto adlı inkişaf strategiyasını təqdim edib. Əlbəttə ki, söhbət elektrikli nəqliyyat vasitələrinə keçiddən gedir, lakin bu keçid digər şirkətlərdə olduğu kimi heç də tezliklə baş verməyəcəkdir.

Artıq bu məqsədlər üçün 2025-ci ilə qədər xərclənəcək 73 milyard avro vəsait ayrılıb ki, bu da, planlaşdırılan investisiyanın yalnız yarısıdır. İndi Volkswagen konserninin qlobal satışlarında batareyalı avtomobillərinin payı cəmi 6 faizdir, lakin 2030-cu ilə qədər bu pay 50 faizə çatmalı, 2040-cı ildə isə 100 faizə yaxınlaşmalıdır.

Artıq yaxın gələcəkdə alman konserni istehsal həcmlərinin artırılması və batareyaların qiymətlərinin endirilməsi sayəsində elektrokarların gəlirliyini ciddi şəkildə yüksəltməyi planlaşdırır. Digər tərəfdən, daxili yanma mühərrikləri ilə təchiz edilmiş avtomobillərin gəlirliyi getdikcə azalmalıdır – bunun əsas səbəbi yaxın vaxtlarda Euro 7 ekoloji normalarına keçid və artan vergi yükü olacaqdır.

Buna görə də, Volkswagen şirkəti artıq belə modelləri və güc aqreqatlarını ixtisara salmağa başlayıb. Proqnoza görə, iki və ya üç il ərzində elektromobillərin və daxili yanma mühərrikli avtomobillərin marjinallığı eyni olacaqdır (aşağıdakı qrafikə baxın).

Bundan başqa, Volkswagen konserni universal SSP (Scalable Systems Platform) elektrik platformasını hazırlamağı planlaşdırır. Ən maraqlısı odur ki, bu arxitektura konsernə daxil olan bütün markalar üçün vahid platforma olacaqdır!

Gələcəkdə yeni arxitektura yalnız mövcud olan modul  platformalarını (MQB, MLB, MSB, MEB) deyil, eyni zamanda, yaxın iki il ərzində hazır olması gözlənilən PPE platformasını da əvəz edəcəkdir. Bu platforma böyük və bahalı elektromobillərin əsasını təşkil etməlidir.

SSP platformasının yaradılması üçün, Volfsburqda, inkişafına 800 milyon avro sərmayə qoyulacaq ayrıca elmi-texniki mərkəz yaradılıb. Artemis və Trinity kimi perspektivli layihələrdə məhz SSP arxitekturasından istifadə ediləcəkdir.

Yeni platformanın üzərində inşa edilmiş ilk seriya modeli 2026-cı ildə satışa çıxarılmalıdır. Plana əsasən, SSP platformasına əsaslanan elektromobillərin ümumi tirajı 40 milyon ədədi keçəcəkdir. Üstəlik, bu platformanın tirajını artırmaq üçün, Volkswagen onu kənar istehsalçılara da təklif edəcəkdir.

Əlbəttə ki, söhbət şərti Skoda Fabia və Bentley Bentayga modellərinin eyni şassi və texnologiyaya sahib olacağından getmir. Söhbət, ilk növbədə, modulların unifikasiyasından, onların uyğunluğu və istehsal proseslərindən gedir. Ancaq marka və modellərin bölünməsində əhəmiyyətli məqamlardan biri də, proqram təminatı və göstərilən xidmətlər dəsti olacaqdır.

2025-ci ilədək Cariad törəmə şirkəti Volkswagen konserninin bütün avtomobillərində müxtəlif versiyalarda istifadə olunacaq yeni nəsil vahid  əməliyyat sistemini (E³ 2.0) yaradacaqdır. Belə proqram təminatı, modeldən asılı olaraq nəinki funksionallığı çevik şəkildə tənzimləməyə, eyni zamanda proqramı dərhal yeniləməyə və yeni xüsusiyyətləri inteqrasiya etməyə imkan verəcəkdir.

Ayrıca, Argo AI şirkəti ilə birlikdə dördüncü səviyyəli avtopilotun yaradılmasına başlanmışdır. Konsern 2025-ci ildə pilotsuz avtomobillərin icarəyə verilməsinə başlamaq niyyətindədir.

Dartma batareyalarına gəldikdə isə, Volkswagen 2030-cu ilə qədər sərt gövdəli hüceyrələr üçün vahid format hazırlamaq niyyətindədir. Belə batareyalar hazırda təklif olunan litium-ion batareyalarından iki dəfə ucuz olacaqdırlar. Xatırladaq ki, Volkswagen konserni  mart ayında, Avropada batareyaların istehsalı ilə məşğul olacaq altı giqafabriki inşa edəcəyini bildirib. Bu fabriklərin ümumi istehsal gücü 240 giqavat-saat olacaqdır.

Bu siyahıdakı ilk zavod, 2023-cü ildə İsveçin Şellefteo şəhərində fəaliyyətə başlayacaq Volkswagen və Northvolt şirkətlərinin müştərək müəssisəsi olacaqdır. Çinin Gotion High-Tech firması ilə birlikdə Almaniyanın Zaltsgitter şəhərində inşa ediləcək ikinci zavodun açılışı 2025-ci ilə planlaşdırılır. Üçüncü giqafabrik İspaniyada yerləşməlidir, qalan üç zavodun yeri isə hələlik təsdiqlənməyib. Hazırda Volkswagen köhnə batareyaların unilizasiyası ilə məşğuldur, lakin konsernin planlarında lazımi emaldan sonra köhnə batareyalardan yenilərinin hazırlanacağı qapalı silsilənin yaradılması da var.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.