Volkswagen şirkıəti yenilənmiş Polo GTI hetçbekini təqdim edib. Yenilənmiş “qaynar” hetçbek güclü benzin turbomühərrikinə, 210 km/saat həddinə qədər sürətlərdə avtomobili avtobanda idarə edə bilən qabaqcıl yarıavtopilota, matrisa fənərlərinə və dinamik dönmə işıqlarına sahib olub. Polo GTI versiyası standart hetçbekdən asqı tənzimləmələri və XDS differensial kilidinin elektron təqlidi ilə fərqlənir.

“Qaynar” hetçbek adi Polo modeli ilə eyni ssenari üzrə yenilənib: onun dizaynı səkkizinci nəsil Golf GTI modelindən ilham alınaraq hazırlanıb: öndə IQ Light matrisa fənərləri quraşdırılıb, arxa fənərlərdə dinamik dönmə siqnalları, radiator barmaqlığında isə, onun eni boyunca uzanan LED zolaq peyda olub.

Polo GTI modeli 15 millimetr azaldılmış klirensə və daha sərt asqıya, qırmızı əyləc supportlarına və buraxılış sisteminin cütlənmiş çıxış borularına sahib olub.

Yenilənmiş “qaynar” Polo hetçbeki 207 at qüvvəsi və 320 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərriki və ikimuftalı yeddi pilləli DSG “robotu” ilə təchiz edilir. Volkswagen Polo GTI hetçbeki 100 km/saat həddinə 6,5 saniyəyə sürətlənir və elektronika tərəfindən 240 km/saat həddində məhdudlaşdırılan maksimal sürətə malikdir.

Polo GTI modelinin aldığı vacib yeniliklərindən biri, adaptiv kruiz-kontrolu və zolaqda saxlama funksiyasını özündə birləşdirən IQ.Drive Travel Assist yarıavtopilotudur. Sistem magistral yollarda 0-dan 210 km/saat həddinə qədər olan sürətlərdə işləyir.

Modelin avadanlıq siyahısına inteqrasiya olunmuş eSIM kartı və səsli idarəetməsi olan MIB3 məlumat-əyləncə sistemi (ekranın diaqonalı 8 və ya 9,2 düym), 10,25-düymlük virtual cihazlar paneli daxildir. Əlavə ödəniş qarşılığında ön idman oturacaqlarını və seçilən qara parlaq damı sifariş etmək olar. Təkər diskləri 17 və ya 18 düymlük ola bilərlər.

Yenilənmiş Polo GTI modelinin Avropadakı satışlarına payızda başlanacaqdır. “Qaynar” hetçbek Almaniyada 26.400 avrodan başlayan qiymətlərlə satılacaq. Ənənəvi olaraq, bizim bazarda “qaynar” hetçbeklər dilerlər tərəfindən təklif edilmirlər.