Volkswagen şirkəti yeni T-Roc krossoverinin açıq kuzovlu variantı ilə yanaşı, bu modelin “idman” R variantı üzərində də çalışır. GTI və ya R indekslərinə gəldikdə isə, hər zaman göz önünə Golf hetçbekinin “qaynar” modifikasiyaları gəlir.

Bununla belə, alman istehsalçısı bu ənənəni dəyişmək niyyətindədir. Bu günlərdə Automotive Mike YouTube kanalındakı səhifəsində T-Roc R modifikasiyasının “Nordşlyayfedə” keçirilən sınaqları zamanı çəkilmiş videoçarxını yayıb. 

Prototipin güclü kamuflyaja malik olması, VW T-Roc R krossoverinin adi T-Roc modelindən zahiri cəhətdən də fərqlənəcəyindən xəbər verir. Böyük ehtimalla, T-Roc R modeli 300 at qüvvəsi hasil edən 2,0-litrlik turbomühərrikə, tam çəkiş sistemi, təkmilləşdirilmiş asqı və gücləndirilmiş əyləclər ilə təchiz ediləcəkdir.  

Volkswagen T-Roc R modelinin 2019-cu ildə təqdim ediləcəyi güman olunur. Bu modeldən bir il sonra T-Roc kabrioleti işıq üzü görməlidir.