Tiguan modelinə bənzəyən Volkswagen Tayron krossoveri 2018-ci ildən Çində satışdadır və plan üzrə yenilənməyə məruz qalıb. Qeyd etmək gərəkdir ki, yenilənmə bütün ailəyə şamil edilib: standart krossover, Tayron GTE plagin hibridi və Tayron X kross-kupesi yenilənmədən öz nəsibini alıb.

Hələlik modelin eksteryer dizaynını bir qədər yeniləyiblər, lakin il ərzində daha vacib dəyişiklik gözlənilir - Çin mediası Tayron modelində hələlik xüsusiyyətləri açıqlanmayan yeni turbomühərrikin quraşdırılacağını iddia edir.

Eksteryerdəki dəyişikliklər arasında başqa tərtibatı olan radiator barmaqlığı var ki, onun dizaynı da versiyadan asılı olaraq dəyişir. Krossoverlər yeni bamperlər və fərqli dizaynı olan arxa fənərlər sahib olublar - indi bu, kuzovun eni boyunca uzanan vahid zolaqdır.

R-Line idman versiyası da saxlanılıb: o, daha aqressiv kuzov dəsti və şaquli LED gündüz hərəkət işıqları ilə seçilir. Əvvəlki 18 və 19 düymlük təkər disklərinə 20-düymlük variant da əlavə edilib.

Hələlik Tayron modelinin mühərrik çeşidi dəyişməyib. Əvvəllər olduğu kimi, Tayron 1,4-litrlik (150 at qüvvəsi) və 2,0-litrlik (186 və ya 220 at qüvvəsi) benzin turbomühərrikləri ilə təklif olunur. Güc aqreqatları 7-pilləli DSG “robotu” ilə tanddemdə çalışırlar.

Tam ötürmə sistemi isə yalnız ən güclü 220 at qüvvəli modifikasiyalarda quraşdırılır. Tayron GTE plagin hibridi isə, elektrik mühərriki yardım edən 1,4-litrlik turbomühərrik ilə hərəkətə gəlir.

Qeyri-rəsmi məlumatlara görə, gələn il Tayron modelinin mühərrik çeşidinə 2,0-litrlik Evo 2 benzin turbomühərriki daxil ediləcəkdir.

Tayron SAIC-Volkswagen müştərək müəssisəsinin müəssisələrində istehsal olunur, hazırkı versiyanın qiymətləri 185,9 min ilə 313,9 min yuan (47,8 - 78,9 min manat) arasındadır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.