Bu ilin aprel ayında Jacob & Co., saat manufakturası dəbdəbəli əyyalara qiymət verən şəxslər üçün hazırladığı Buagtti Chiron Tourbillon qol saatını təqdim etmişdi. Möhtəşəm xarici dizaynı ilə yanaşı, bu ekstravaqant sənət əsəri Bugatti Chiron modelinin 8,0-litrlik W16 mühərrikinin kiçik hərəkət edən surətinə bənzəyən mexanizmə malik idi.

Beş yüz yetmiş səkkiz komponentdən ibarət olan bu qol saatına daha çox fərdilik və incəlik bəxş etmək üçün, Jacob & Co., manufakturası Chiron Tourbillion saatının yeni dörd variantını hazırlayıb.

Yetmiş iki nüsxə ilə məhdudlaşan seriyadan olan ilk saat 18 karatlıq çəhrayı qızıldan hazırlanmış korpus, parıldamayan sapfir şüşə, 18-karatlıq qızıldan olan açıq arxa qapaq, qara DLC titanından hazırlanmış kronşteyn və Bugatti loqosu həkk edilən düymələr ilə təchiz edilir. Bu seriyadan olan ikinci saat da bənzərdir, lakin parlayan ağ brilyantlarla bəzədilmişdir və 52 nüsxədə təklif olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Növbəti variant 391 qara və ağ brilyantlarla (20 karata yaxın) bəzədilmiş ağ qızıldan korpusa malikdir. Onun kauçukdan olan qolbağı ağ qızıldan hazırlanmış və 1,76 karatlıq 18 ağ brilyantla bəzədilmiş toqqa ilə təchiz edilib. Nəhayət, ən möhtəşəm variant sayılan dördüncü saat bütöv sapfirdən hazırlanmış korpusa, alt qapağa, kronşteyn və işəsalma başlıqlarına, habelə titandan toqqası olan kauçuk qolbağına malikdir.

Bu sənət əsərlərinin qiymətləri açıqlanmasa da, onların əvvəlki Chiron Tourbillon saatından ucuz olmayacaqları aşkardır. Xatırladaq ki, Bugatti Chiron Tourbillon saatının qiyməti 280 min ABŞ dollarıdır. Qeyd etmək istərdik ki, bu məbləğə McLaren 720S superkarını almaq olar.