Volkswagen şirkəti Dünya ralli çempionatı (WRC) üçün hazırladığı yeni yarış avtomobilinin ilk təsvirini dərc edib. Altıncı nəsil Polo GTI hetçbekinin əsasnda hazırlanmış avtomobil R5 kateqoriyasında iştirak üçün nəzərdə tutulubdur.

Gələn ilin ortalarından başqlayaraq yeni ralli avtomobili komandalara və özəl şəxslərə satılmağa başlanacaqdır. Ümumi yollar üçün nəzərdə tutulan “qaynar” Polo GTI modeli 200 at qüvvəli 2,0-litrlik turbomühərrik və öndən çəkiş sistemi ilə təchiz edilsə də, ralli avtomobili 270 at qüvvəsi hasil edən 1,6-litrlik dörd silindrli turbomühərrik ilə hərəkətə gəlir. Güc aqreqatı beş pilləli sekvental ötürmələr qutusu və tam çəkiş sistemi ilə birlikdə çalışır. Avtomobil haqqında əlavə məlumat verilməyib.

Volkswagen şirkəti 2016-cı ilin noyabrında Dünya ralli çempionatını tərk etdiyini bəyan etmişdi. İstehsalçı əsas diqqətini rally-kross və TCR kuzov çempionatında cəmləməyə qərar vermişdi.