Yaponiyanın Artisan Spirits atelyesi Toyota Harrier/Venza modelinə idman görünüşünü qazandıracaq tüninq dəstini hazırlayıb.

Atelye mütəxəssisləri  Toyota krossoverini, hələlik virtual olaraq, iri splitteri və yan hava girişlərinin yeni çərçivəsi olan ön bamper, havalandırma kəsikləri olan kapot, yan ətəklər, arxa diffuzor və bir cüt arxa spoyler ilə təchiz ediblər. Spoylerlərdən ən irisi baqaj qapağının yuxarı hissəsində, kiçiyi isə arxa şüşənin qurtaracağında yerləşdirilib. Bundan başqa, iri ölçülü təkər disklərinin də təklif ediləcəyi gözlənilir.

Yeni Venza modeli yapon markasının model çərgəsində Toyota RAV4 və Highlander krossoverlərinin arasında yer alacaqdır. Krossoverin ikinci nəsli, bütün köndələn mühərrikə malik olan son iri Toyota modellər kimi, GA-K (TNGA) modul platformada inşa edilib. Krossover öndə MacPherson dayaqları, arxada isə ikiqollu asqıya malikdir.

Maraqlıdır ki, ölçülərinə görə, ikinci nəsil Venza modeli sələfindən kiçikdir. Avtomobilin uzunluğu 60 millimetr (4740 millimetr), eni isə 50 millimetr (1855 millimetr) azalıb. Krossoverin təkər bazası RAV4 modeli ilə eynidir - 2690 millimetr. Əvvəlki modeldə bu göstərici 2775 millimetr idi. Bununla birlikdə, yeni krossover əvvəlki kross-universaldan 50 millimetr (1660 millimetrm) hündürdür. Krossover 18 və ya 19 düymlük təkər diskləri ilə təchiz edilir.

Yaponiyada satılan Harrier modeli benzin mühərriki və hibrid güc qurğusu ilə təklif olunarsa da, Amerikada satılan Venza alternativsiz olaraq hibrid güc qurğusu və tam ötürmə sistemi ilə təchiz edilir.

2,5-litrlik dördsilindrli benzin mühərriki, elektromotor və elektromexaniki variator ilə birlikdə ön oxun hərəkətə gəlməsini təmin edir. Arxa oxda isə digər elektromotor quraşdırılmışdır. Hibrid qurğunun ümumi hasilatı 222 at qüvvəsidir. Elektromotorlar arxa oturacaqın altında yerləşdirilmiş litium-ion batareyasından qidalanırlar.