Bildiyimiz kimi, Bentley şirkəti Flying Spur sedanının yeni nəslini təqdim etməyə hazırlaşır. May ayının 21 tarixində britaniya markası məhdud saylı media nümayəndələri üçün modelin bağlı təqdimatını keçirəcəkdir. Biz də bu tədbirə dəvət almışıq, lakin texniki məsələlərə görə orada iştirak edə bilməyəcəyik.

Bu gün britaniya markası yeni sedanın növbəti tizerini dərc edib. Dördqapılı qrand turer daha dəbdəbəli olacaq və avtomobilin tarixində ilk dəfə olaraq xüsusi 3D dərisi ilə üzlənmiş salon tərtibatına malik olacaqdır.

Yeni tərtibat materialı üçölçülü teksturaya malik olan dəridən ibarətdir. Bu material markanın Kryudakı mənzil-qərargahında çalışan mütəxəssislər tərəfindən yaradılıbdır. Şirkətdən bu materialın yeni Bentley Flying Spur üçün hazırlanmış təkmilləşdirmələrin və texnologiyaların geniş siyahısının tərkib hissəsinin olduğunu bildiriblər. Lakin, bu texnologiyaların nədən ibarət olacağı barədə ətraflı məlumat verilməyib.