Hyundai şirkəti Sonata modelinin səkkizinci nəslini Cənubi Koreyada təqdim edib. Avtomobilin dünyəvi təqdimatı isə, aprel ayında işinə başlayacaq Nyu York avtosalonunda keçiriləcəkdir. Bu günlərdə Asian Petrohead Youtube kanalında yeni sedanın video görüntüləri də peyda olubdur.

Hazırda avtomobil haqqında geniş məlumat verilməsə də, onun üçüncü nəsil platformada inşa edildiyi və Bose premium səs sistemi ilə təchiz ediləcəyi məlumdur. Yeni platformadan gələcəkdə bir sıra yeni Hyundai modellərinin inşasında istifadə ediləcəkdir. Sonata modelinin platforması təhlükəsizliyin yüksəlməsinə, səs-küy səviyyəsinin azalmasına və idarəetmə xüsusiyyətlərini yaxşılaşdırmağa xidmət edir. 

Dizayn nöqteyi nəzərindən, koreyalı mütəxəssislərin radikal addım atdığını söyləmək olar. Avtomobilin ön tərəfinin dizaynı xüsusi ilə diqqətçəkicidir. Burada ən maraqlı elementi - ön kapota qədər uzanan gündüz hərəkət işıqlarını göstərmək olar. İşıqların yanmaması halında onlar xrom zolağın bir hissəsi kimi görünürlər. Avtomobilin arxa hissəsinin dizaynı da əvvəlkindən qəti şəkildə fərqlənir. Burada işıqlanan zolaqla birləşdirilmiş C-şəkilli arxa fənərləri görmək olar.

Ümumilikdə, yeni Hyundai Sonata modelinin qabaritləri bir qədər böyüyüb: yeni model sələfindən 30 millimetr alçaq, 25 millimetr enli olubdur. İki avtomobilin təkər bazası arasında fərq yeni modelin xeyrinə 35 millimetrdir.

Hyundai mütəxəssisləri yeni Sonata modelinin interyeri üzərində də ciddi şəkildə işləyiblər. Avtomobilin salon tərtibatında istifadə edilən materialların keyfiyyəti yüksəldilib. Salonun gözəçarpan elementlərindən biri havalandırma sisteminin nazik formalı HVAC deflektroları, 12,3 düymlük virtual cihazlar paneli və multimedia sisteminin 10.25-düymlük sensorlu ekranıdır.

Mühərrik çeşidinə gəldikdə isə, Cənubi Koreyada yeni nəsil Hyundai Sonata modeli iki mühərrik ilə təklif ediləcəkdir. Bunlardan biri, 158 at qüvvəsi hasil edən 2,0-litrlik dörd silindrli benzin mühərrikdir. Bu modifikasiya qarışıq rejimdə 100 kilometrə 8,5 litr yanacaq işlətməlidir. Digər güc aqreqatı isə, 144 at qüvvəli 2,0-litrlik dörd silindrli mühərrikin əsasında yaradılmış hibrid qurğudur. 

Hyundai Sonata modelinin Azərbaycanda olan populyarlığını nəzərə alsaq, yeni nəslin bizim bazarda gözlənilən avtomobillərdən biri olacağını əminliklə söyləmək olar. Çox güman ki, yeni Sonata bizim bazarda cari ilin üçüncü rübündə debüt edəcəkdir.