Bu gün İnternet şəbəkəsində Squadra Corse idman bölməsi tərəfindən hazırlanmış Lamborghini SC20 spidsterinin şəkli peyda olub. Kiçik sayda buraxılacaq superkar, bölmənin əvvəlki işlərindən birinə - ümumi yollar üçün nəzərdə tutulan SC18 superkarına bənzəyir. Yeni spidster Aventador SVJ modelindən tanış olan 6.5-litrlik V12 atmosfer mühərriki ilə hərəkətə gəlir.

Yeni spidsterin kamuflyaj örtüyünə malik olan variantının şəkilləri Squadra Corse tərəfindən oktyabr ayının əvvəlində yayımlanmışdı. Avtomobil iki iri hava yönləndiriciləri (onların daxilində təhlükəsizlik qövsləri gizlədilir) olan klassik dizayna malikdir və alın şüşəsindən tamamilə məhrum olub. Alın şüşəsinin rolunu, yəqin ki, McLaren Elva modelində olduğu kimi, "hava günbəzi" ifa edəcəkdir.

İndi isə, guya alıcı üçün hazırlanmış renderdən göründüyü kimi, Lamborghini SC20 modelinin eksteryeri başqa bir Squadra Corse superkarına - SC18 modelinə bənzəyir. Lamborghini SC18 modeli də bir neçə ədədlik tiraja malikdir və ümumi yollar üçün nəzərdə tutulub, lakin Lamborghini Huracan GT3 Evo və Huracan Super Trofeo Evo yarış avtomobillərinin üslubunda dizayna sahibdir. Lamborghini SC18, ekstremal Aventador SVJ modelindən götürülmüş 770 at qüvvəsi və 720 Nm fırlanma anı hasil edən 6.5-litrlik V12 mühərriki ilə təchiz edilir. Çox güman ki, eyni güc qurğusunu SC20 superkarı da alacaqdır. Mühərrik yeddi pilləli ISR "robotu" və tam ötürmə ilə birlikdə çalışacaqdı.

Yeni spidsterin Aventador modelinə əsaslandığını nəzərə alsaq, onu Aventador J modelinin davamçısı kimi qəbul etmək olar. Açıq kuzovlu superkar 2012-ci ildə Cenevrə avtosalonunda təqdim edilmiş və orada da avtomobil ilə maraqlanan kolleksiyaçıya satılmışdı. Maraqlıdır ki, Aventador J ümumi yollar üçün sertifikata sahib idi və konseptdən daha çox seriya avtomobilinə bənzəyirdi.